Savinov: Ümid edirəm ki, Tiraspol Azərbaycan klubları üzərində qələbə ənənəmizi davam etdirəcək
"Bakı" klubunun sabiq futbolçusu Aleksey Savinov azerisport.az saytına açıqlamasında Moldovanın "Tiraspol" klubunun Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı "İnter"inə rəqib olmasından danışıb, şansları dəyərləndirib.
Vaxtilə paytaxtın "Bakı" klubunun şərəfini qoruyan Savinov hazırda Moldovanın "Veris" klubunda baş məşqçinin köməkçisidi. Onunla söhbətə məşqçi karyerasından başladıq: "Veris klubunda məşqçi kimi çalışıram. Cari mövsümü üçüncü pillədə başa vurduq. Avropa Liqasına vəsiqə qazanmağımız hamının ürəyincə oldu. Püşkə əsasən Bolqarıstanın "Liteks" klubuyla mübarizə aparacağıq. Bildiyimə görə, Bakının "İnter" klubu "Tiraspol"a rəqib olub. Hamını maraqlı futbol gözləyir. Həm "Tiraspol", həm "İnter" yaxşı futbolçulara malikdi. Bu dueldə favorit yoxdu. Şanslar bərabərdi".
Savinov Azərbaycan mətbuatında Dan Pislanın "Tiraspol"da çıxış etməsiylə bağlı yazılara toxunub. Onun sözlərinə görə, Dan Pısla hazırda "Veris"in şərəfini qoruyur: "Azərbaycan saytlarında oxudum ki, Dan Pisla guya, "Tiraspol"da oynayır. Amma bu, belə deyil. "Veris"lə futbolçunun müqaviləsi qışda başa çatır. Futbolçu ən azı 6 ay bizim klubda oynayacaq".
Aleksey Savinov Moldova klublarının Azərbaycan təmsilçiləri üzərində qələbə ənənəsinin olduğunu və "Tipaspol"un bu ənənəni davam etdirməyə gücünün çatacağını dedi: "Hər iki komandada çox təcrübəli məşqçilər çalışır. Kaxaber Sxadadze çox güclü mütəxəssisdi. "İnter" sabit olaraq Azərbaycan çempionatında mükafatçılar arasında yer alır. Uzun illərdi ki, komanda yaxşı oyun sərgiləyir. Proqnoz vermək istəməzdim. Lakin maraqlı oyun olacağına əminəm. Ümid edirəm ki, "Tipaspol" avrokuboklarda Azərbaycan klublarını məğlub etmək ənənəmizi davam etdirəcək".
"Tiraspol"un heyəti barədə danışmaq istəməyən Savinov rəqibin komanda oyunu sərgilədiyini dedi: "Əlbəttə, mən "Tiraspol"un güclü və zəif cəhətlərini bilirəm. Amma bu barədə danışmaq istəməzdim. Bir amili qeyd edə bilərəm. "Tiraspol" ayrı-ayrı futbolçularla deyil, komanda oyunuyla güclüdü. Adətən istədiyi nəticəni məhz komanda oyunuyla qazanır. "Tiraspol"un çox savadlı və praqmatik məşqçisi var. Azərbaycan təmsilçisinə asan olmayacaq".
