Julius Vobay: Neftçi Avroliqadakı dövrlə müqayisədə zəifləməyib
"Neftçi"nin yarımmüdafiəçisi Julius Vobayın azerisport.az saytına müsahibəsi
- Komandanın hazırlığı necə gedir?
- Yaxşı. Biz demək olar ki, toplanışın ekvator xəttinə çatmışıq. Şübhəsiz ki, hələ 100 faiz hazır deyilik. Düşünürəm ki, iki həftəyə komanda tam qaydasında olacaq.
- Komanda üç yoxlama oyunu keçirdi. Necə təsir bağışladız?
- Gürcüstan "Çixura"sı ilə ilk oyuna nisbətən, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Kadisiya" ilə görüşdə komanda daha yaxşı təsir bağışlayırdı. İntensivliyi artırırıq. Hər şey yaxşıya doğru gedir.
- Özünüz barədə nə deyə bilərsiz? Yeni mövsümdə əvvəlki Vobayı görə biləcəyik?
- Bunun üçün əlimdən gələni edirəm ki, heç kimi məyus etməyim. Növbəti mövsümdə tam başqa, daha güclü Vobay görəcəyinizi düşünürəm.
- Ötən mövsüm sizin mövqeyinizdə Araz Abdullayev oynayırdı və pis təsir bağışlamırdı...
- Bunda heç bir problem görmürəm. Yoxlama oyunlarının birində biz birgə meydandaydıq. Hər ikimiz "Neftçi"yə faydalı olacağıq.
- Avroliqanın püşkü barədə nə deyə bilərsiz? Monteneqronun "Çelik" və Sloveniyanın "Koper" klublarından biri ilə üzləşəcəksiz...
- Bu komandalar barədə heç nə bilmirəm. Onlardan hansı ilə qarşılaşmağımızın mənim üçün fərqi yoxdu.
- "Skenderbeu" faciəsinin bu il də təkrarlanması ehtimalı yoxdu?
- Mən ötən mövsüm baş verənləri faciəvi hesab etmirəm. Ən azından ona görə ki, biz pis oynamamışdıq. İstənilən halda əlimizdən gələni edəcəyik ki, zəif oyunumuz olmasın.
- Siz o vaxt Rəşad Sadiqov, Mahir Şükürov kimi təcrübəli futbolçularla birgə çıxış edirdiz. Amma indi onlar komandada yoxdu. Bu, komandanı zəiflətməyib?
- Mən onların komandada qalmasını istərdim. Amma digər tərəfdən belə bir addım atılıbsa, deməli, bunun müəyyən səbəbləri var və ehtiyac var imiş.
- Sizcə, "Neftçi" onda güclü idi, yoxsa indi?
- Düzdü, həmin dövrlə müqayisədə "Neftçi" dəyişib. Amma zəiflədiyimizi düşünmürəm.
