"Qəbələyə qalib gəldiksə, Neftçini də yenərik"
Sloveniyanın "Koper" klubunun futbolçusu Mitiya Lotriç bəyan edib ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi "Neftçi"yə qalib gələ bilərlər. Avroliqanın ilkin təsnifat mərhələsində Monteneqronun "Çelik" komandasıyla qarşılaşacaq "Koper"in üzvü azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən "Neftçi" ilə Avroliqanın ilk təsnifat mərhələsində qarşılaşmağımızı istərdim. Çünki "Koper"i komandanızdan zəif hesab etmirəm. Sloveniya futbolu Azərbaycan futbolundan güclüdü. Amma öncə "Çelik" səddini keçməliyik. Çox şey danışmaq olar. Amma biz startda uduzsaq, kənara çəkilməli olacağıq. Fikrimcə, "Çelik"lə də komandanıza çətin olacaq. Çünki monteneqrolular güclüdülər. Biz yaxınlarda Azərbaycanın digər klubu - "Qəbələ" ilə oynadıq və qələbə qazandıq. Zəif komanda deyildi. Bilirəm ki, "Neftçi" kubokun finalında onlara qalib gəlib. Amma əgər biz "Qəbələ"yə qalib gəldiksə, "Neftçi"ni də məğlub edə bilərik. Eyni zamanda bunun çətin olacağını da başa düşürəm".
