Ramin Musayev iki klubumuzu qrup mərhələsində görür
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalarımızın şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, Azərbaycan bu mövsüm avrokubokların qrup mərhələsində iki klubla təmsil oluna bilər. Onlardan biri "Qarabağ"dı. Ölkə çempionu Malta təmsilçisini keçəcək, bu, heç müzakirə mövzusu ola bilməz. Amma sonra güclü rəqiblərlə qarşılaşacaq. Buna baxmayaraq, mənə elə gəlir ki, "Qarabağ" bu mövsüm Avroliqanın qrup mərhələsində çıxış edə biləcək. "İnter", "Qəbələ" və "Neftçi"yə gəlincə, belə bir uğura onlardan hansının imza atacağını demək çətindi. Amma inanıram ki, onlardan da biri qrup mərhələsinə vəsiqə qazanacaq".
Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi Malta "Valletta"sıdı. "İnter" Moldova "Tiraspol"u, "Qəbələ" Bosniya "Şiroki Briyeq"i, "Neftçi" isə "Koper" - "Çelik" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
