Neftçi Qyoko Haciyevski və Faiq Əzizovun komandasına qalib gəldi
Son ölkə kubokunun qalibi "Neftçi" hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirir. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün növbəti sınaq matçına çıxıb.
Böyükağa Hacıyev yetirmələrinin qüvvəsini Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubu ilə matçda yoxlayıb. Qarşılaşmada hesabı ilk yarıda ərəblər açsa da, Vobay hissənin sonunda hesaba tarazlıq gətirib. İkinci yarıda daha iki qol vuran bakılılar yoxlama matçlarında ilk qələbəyə seviniblər.
Qeyd edək ki, paytaxt klubu buna qədər Türkiyədə 2 yoxlama görüşü keçirmişdi. Flaqman hər iki matçda Gürcüstanın “Çixura” klubu ilə qarşılaşmışdı. İlk matçda 2:3 hesabıyla uduzan "ağ-qaralar" növbəti oyunda 1:1 hesablı heç-heçəyə razılaşmışdılar.
Sonda onu da bildirək ki, "Əl Kadisiya"nı "Bakı"nın və millimizin sabiq baş məşqçisi Qyoko Hacıyevski çalışdırır. Bu komandada həmçinin qapıçılarla işləyən azərbaycanlı məşqçi Faiq Əzizov da çalışır.
Yoxlama oyunu
25 iyun
Neftçi - Əl Kadisiya - 3:1 (1:1)
Qollar: Julius Vobay (1:1), Ruslan Qurbanov (2:1), Nicat Qurbanov (3:1).
"Neftçi"nin start heyəti: Saşa Stamenkoviç, Emin Mehdiyev, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi, Mirhüseyn Seyidov, Kaue, Flavinyo, Samir Məsimov, Julius Vobay, Ernest Nfor.
