Fariz Nəcəfov: İnanıram ki, Qəbələ iki mərhələ keçə biləcək
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibiniz Bosniya "Şiroki Briyeq"i oldu. Püşkatma barədə fikirlərinizi bilmək istərdik...
- "Şiroki Briyeq" layiqli rəqibdi. Fikrimcə, bizim bu komandanı keçəcək gücümüz var.
- Kimi favorit hesab edirsiz?
- Mənə elə gəlir ki, şanslar hər iki komandada eynidi. Biz də mərhələ keçə bilərik, onlar da. Düzdü, bizim müəyyən çətinliklərimiz var. Komanda hələ tam komplektləşməyib. Vaxt isə elə də çox deyil.
- "Qəbələ"ni xeyli oyunçu tərk edib, baş məşqçiniz yeni gəlib. Bunlar mənfi təsirini göstərməyəcək?
- Ola bilər. Amma ümid edirəm ki, bunlar bizə problem yaratmayacaq. Yeni baş məşqçimiz Dorinel Muntyanu çalışqan və sözünün üstündə duran mütəxəssisdi. O da rəqibimiz barədə məlumatlıdı.
- Muntyanunun reaksiyası necə oldu?
- O dedi ki, heç bir problem olmayacaq.
- Artıq Avroliqadakı ev oyunlarınızı Qəbələdə keçirəcəyinizi dəqiqləşdirmisiz?
- Bəli. Ən azından iki mərhələ üçün ev oyunlarımızı doğma meydanda keçirə bilərik.
- Sizin üçün ilk oyunun Azərbaycanda baş tutmasının fərqi var?
- Xeyr.
- "Şiroki Briyeq"lə oyun öncəsi heyəti gücləndirəcəksiz?
- Bildiyiniz kimi, artıq iki rumıniyalı futbolçu almışıq. Muntyanu onları şəxsən tanıyır. Ötən gün onlar komandaya qoşuldular. Hər ikisi təcrübəli futbolçudu, Rumıniya yığmasında çıxış ediblər. Ümid edirəm ki, tezliklə komandaya uyğunlaşacaqlar. Yenə də gələnlər olacaq. Bu, qaçılmazdı. Çünki xeyli oyunçu komandanı tərk edib. Amma baş məşqçi tələsmək istəmir. Qarşıda ağır mövsüm var. Bizə lazım olacaq futbolçularla güclənməliyik.
- "Qəbələ" bosniyalıları keçsə, növbəti mərhələdə Çexiya "Mlada Boleslav"ı ilə qarşılaşacaq...
- Əgər bu komanda mübarizəyə ikinci təsnifat mərhələsindən başlayırsa, zəif ola bilməz. Amma bizim hazırda bütün diqqətlərimiz "Şiroki Briyeq"ə yönəlib. Bu komandanı keçsək, çexlər haqda düşünürük.
- "Qəbələ" debüt mövsümündə iki mərhələ keçə biləcək?
- Fikrimcə, hə. Ən azından buna inanıram.
