Georgiyevski: Sözümüzü meydanda deməliyik
"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevskinin azerisport.az saytına müsahibəsi
- "İnter" Avstriya toplanışında artıq iki yoxlama oyunu keçirib. Komanda özünü necə hiss edir?
- Gündən-günə hər şey daha yaxşı olur. İki qələbə qazanmışıq - "Şturm" və "Buxşaxen" üzərində. Düzdü, bu oyunlarda nəticə bizim üçün önəmli deyildi. Amma qələbə qələbədi. Əsas Avropa Liqasına daha yaxşı hazırlaşmaqdı.
- Avropa Liqasının püşkatmasına münasibətiniz necədi?
- Moldova "Tiraspol"u ciddi rəqibdi. Bizə asan olmayacaq. Rəqibə hörmətlə yanaşırıq. Ancaq yaxşı nəticəyə ümid edirəm. Çox şey danışmaq olar. Amma biz sözümüzü meydanda deməliyik.
- Rəqib barədə nə bilirsiz?
- Keçmiş sovet məktəbi həmişə ciddi olub. Yəqin ki, oyunlar ərəfəsində rəqibin çıxışını izləmək fürsətimiz olacaq. Əminəm ki, məşqçilər korpusumuz rəqib barədə ətraflı məlumat toplaya biləcək. Artıq indidən bir şeyə əminəm: taktiki cəhətdən 100 faiz hazır olacağıq.
- İlk oyunun Moldovada keçirilməsi sizin üçün nə dərəcədə yaxşıdı?
- Bunda fərq görmürəm. Mənim üçün hər ikisi eyni əhəmiyyətə malikdi.
- "İnter"dən bu mövsüm daha ciddi uğur gözlənilir. Komanda yenə ikinci mərhələdə "ilişsə", necə olacaq?
- Mən ancaq yaxşı ssenari barədə düşünürəm. Gəlin proqnozlara diqqət ayırmayaq. Yaşayarıq, görərik. Bizi maraqlı avromövsüm gözləyir. Mən də ən yaxşısına ümid edirəm.
- Moldova klubunu keçsəz, İsveç "Elfsborq"una rəqib olacaqsız...
- Biz hələ "Tiraspol"u keçməmişik, siz artıq mənə "Elfsborq"la bağlı sual verirsiz. Bu barədə birinci mərhələni adlayandan sonra danışarıq. İndi bütün diqqətimizi "Tiraspol"la oyunlara yönəltmişik.
