Ruslan Abışov: Hədəfim 6 ay sonra yenidən Rusiyaya qayıtmaqdı
"Qəbələ"nin yeni transferi, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- Gözlənildiyi kimi, "Qəbələ"yə keçdiz. Bu, hazırda sizin üçün ən yaxşı variant idi?
- Mən Rusiyada qala bilərdim. Digər klublarda icarə əsasında çıxış etmək şansım vardı. Amma risk etmək istəmədim. Mənimlə maraqlanan, sıralarında görmək istəyən klublara təşəkkürümü bildirirəm. "Qəbələ" rəhbərliyinə də bu etimada görə təşəkkür edirəm. Qarşıdakı altı ayı həm özüm, həm də klubum üçün faydalı olmaq istəyirəm.
- Onsuz da "Rubin"də ehtiyatda qalırdız. Daha nəyə risk etməkdən qorxurduz ki?
- Məsələ də bundadı. Mənə oynayacağım klub lazım idi. Əvvəlki formamı bərpa etməliyəm. Əminəm ki, "Qəbələ" elə bir klubdu. Onlar məni komandaya cəlb etmək üçün çoxdan çalışırdılar.
- Artıq xeyli müddətdi "Qəbələ"nin düşərgəsindəsiz. Necədi?
- Komanda ürəyimcədi. "Qəbələ"dəki şərait "Rubin"dəkindən pis deyil. Yaxşı əhval-ruhiyyə ilə yeni mövsümə hazırlaşırıq.
- Yeni baş məşqçi Dorinel Muntyanu barədə nə deyə bilərsiz?
- Klub seçimimdə Muntyanu amili də sözünü dedi. Onunla çalışmaq istəyirdim, çünki onu tanıyırdım. Rusiyada onun reytinqi çox yüksəkdi. İnanıram ki, Muntyanu "Qəbələ"də uğur qazana biləcək.
- Avropa Liqasındakı ilk rəqibiniz Bosniya təmsilçisi "Şiroki Briyeq"di...
- Bu komanda mənə yaxşı tanışdı. "Neftçi"nin "Şiroki Briyeq"lə oyunları yadımdadı. Onlar fiziki cəhətdən güclüdülər. Bizə çox çətin olacaq. Amma inanıram ki, bu komandanı keçə bilərik. "Xəzər Lənkəran"a keçən kimi bu komanda avrokuboklarda ilk dəfə mərhələ adlamışdı. Hətta qol da vurmuşdum.
- Nəyə işarə edirsiz?
- (gülür) Bu uğurumu "Qəbələ"də də təkrarlamaq istəyirəm.
- "Qəbələ"də yarım mövsüm keçirəcəksiz. Bəs sonra?
- Hədəfim bu altı ay ərzində 100 faiz hazır olmaqdı. Ondan sonra isə Rusiyaya qayıdacam. Karyeramı xaricdə davam etdirmək gücüm var.
