Jaba: Azərbaycandan təklif olsa, məmnuniyyətlə qayıdaram
Braziliyalı hücumçu Jaba yenidən Azərbaycana qayıtmağın əleyhinə deyil. Azersport.az saytına açıqlamasında bunu "Bakı"nın sabiq forvardı özü bəyan edib:
"Bakı"da keçirdiyim illəri yaxşı xatırlayıram. Ölkə kubokunu qazandıq, avrokuboklarda iştirak etdik. Fikrimcə, karyeramdakı ən yaxşı illəri məhz sizin klubda keçirdim".
Braziliyalı "zolaqlılar"ın son dövrlər işlərinin yaxşı getməməsinə də toxunub: "Mən həm Türkiyə, həm də Azərbaycan futbolunu yaxından izləyirəm. Bilirəm ki, "Bakı" son mövsümdə zəif çıxış etdi. Mənim dövrümdə paytaxt təmsilçisi daha yaxşı çıxış edirdi, çoxlu qələbələr qazanırdı".
Jaba son mövsümü Braziliyanın aşağı liqalarından birindən keçirib: "Qremio Yuventus"da çıxış edirdim. Amma müqaviləmin müddəti başa çatdığı üçün bu klubdan ayrıldım. Özümə yeni klub axtarıram. Türkiyədən təklif var. Amma təklif olsa, mən Azərbaycana qayıtmaq istərdim. Ölkənizə məmnuniyyətlə qayıdardım. Necə də olmasa, orada üç il keçirmişəm və heç bir problemlə üzləşməmişəm".
