"İnter müdafiəni gücləndirsə, Avroliqanın qrupuna düşə bilər"
Avstriyanın "Şturm" klubunun müdafiəçisi Tomislav Barbariç azerisport.az saytına müsahibəsində Bakı "İnter"inə qarşı keçirdikləri yoxlama oyunundan (2:3) danışıb, Azərbaycan təmsilçisinin Avropa Liqasındakı şanslarını dəyərləndirib.
- "İnter"lə oyun haqda fikirlərinizi bilmək istərdik...
- Bu, yoxlama oyunu idi. Məğlub olmağımıza ciddi önəm vermirəm.
- Prinsipcə, heç kim uduzmaq istəmir...
- ŞÜbhəsiz. "İnter" güclü rəqib təsiri bağışladı. Mən Azərbaycanda güclü klublar olduğunu eşitmişdim. Amma komandalarınızı iş başında görməmişdim.
- "İnter" necə təəssürat yaratdı?
- Bilirəm ki, bu klub avrokuboklarda çıxış edəcək. Qoy elə orada da bizə qarşı oynadıqları kimi çıxış etsinlər. Müdafiədə problemlər gördüm. Əgər bu çatışmazlıqları da aradan qaldıra bilsələr, yaxşı çıxış edərlər.
- Sizin məğlubiyyətiniz nə ilə bağlı idi? Bəlkə rəqibi düzgün qiymətləndirməmisiz?
- Deməzdim. Sadəcə, rəqib cinahlarda yaxşı oyun sərgilədi. Bizi də məhz bunun sayəsində üstələdilər. Öz şanslarından uğurla yararlandılar.
- Rəqibin heyətində tanıdığınız futbolçular var idi?
- Matiya Şpiçiçlə görüşdüm. Onunla tanış idim. Əvvəl birgə oynamışıq. Onu da öyrəndim ki, köhnə dostlarımdan Şarliya da Bakıda çıxış edirmiş.
- Sizcə, "İnter" Avroliqanın qrup mərhələsinə düşə biləcək?
- Hər şey ola bilər. "İnter" yaxşı komandadı. Onlara öz məqsədlərinə çatmağı arzulayıram. Amma dediyim kimi, müdafiədə daha yaxşı oynamağa ehtiyac var.
