Oğuz Çətin: Sadiqovun əvvəl hansı klubda oynaması o qədər önəmli deyil
"Xəzər Lənkəran" komandasının baş məşqçisi Oğuz Çətin azerisport.az saytına müsahibəsində hazırlıq planından və transferlərdən danışıb.
- "Xəzər Lənkəran"ın hazırlığa gec başlaması problem yarada bilərmi?
- Biz planla çalışırıq. Digər klublar avrokuboklara hazırlaşır, ona görə erkən toplandılar. İyunun 22-də toplaşırıq. 2 həftə Ərzurumda təlim-məşq olacaq. İlk mərhələdə əsasən fiziki hazırlıq üzrə çalışmalar gedəcək. İkinci mərhələ 6-29 iyul tarixlərində keçiriləcək. Hazırda seçim edirik. Sloveniya, Hollandiya və ya Avstriyadan biri olacaq. Hazırlığın son mərhələsi Azərbaycanda olacaq və 29 avqustdan başlayacaq.
- Transfer bazarında fəallıq hiss olunur. "Xəzər Lənkəran"a daha neçə transferə ehtiyac var?
- Rəhbərliklə müzakirə aparmışıq. Siyahını təqdim etmişəm. İndi danışıqlar gedir. Çox istərdim ki, transferlərlə tez bir zamanda işimizi bitirək. Daha 4-5 yeni futbolçunun alınması planlaşdırılır. Azərbaycanda olduğum zaman əksər futbolçuları diqqətdə saxlamışam. Bizə lazım olan futbolçular bəllidi.
- "İnter"dən ayrılan Vaqif Cavadov Mustafa Dənizlinin döməmində "Xəzər Lənkəran"ın onunla maraqlandığını deyib, lakin sonradan danışıqlar olmayıb. Cavadovun adı siyahıda var?
- Biz hər bir detalı müzakirə etmişik. Kimin müqaviləsi var, kim klubunu dəyişmək istəyir. Kimlərin adı var, deyə bilmərəm. Belə açıqlamalar transferin baş tutmasına əngəl yaradır. Ona görə bir qədər səbrli olsaq, daha yaxşıdı.
- Rəşad Sadiqovun transferini siz istəmişdiz?
- Sadiqovun oyununu çox görmüşəm. Ölkənin ən yaxşı futbolçularından biridi. O, hər kişi kimi, həm də futbolçu kimi diqqətimizi çəkdi. Meydanda sona qədər mübarizə aparır. Buna görə onun transferini həyata keçirdik. Düşünürəm ki, onun keçidi heyətimizi gücləndirər.
- Sadiqov "Xəzər Lənkəran"ın əzəli rəqibi "Neftçi"nin futbolçusudu. Azarkeşlər arasında buna görə problem ola bilərmi?
- Futbolçunun xarakteri önəmlidi. Sadiqovdan intizamsızlıq görməmişik. O, azarkeşlərə qarşı heç vaxt hörmətsizlik etməz. Eyni zamanda azarkeşlər də onun gəlişinə normal yanaşmalıdı. Sadiqov elə futbolçudu ki, hansı klubda oynamasından asılı olmayaraq oyunuyla diqqəti cəlb edir. Xarakterlidi, bu, çox vacibdi.
- Ulduz transferlər gözlənilirmi?
- Əsas "Xəzər Lənkəran"ı gücləndirəcək futbolçunun alınmasıdı. Komandanın güclənməsi üçün bir neçə transfer olunacaq. Sonra hazırlıq dönəmində bütün problemlər aradan qaldırılacaq. Təlim-məşq zamanı 4 yoxlama görüşü keçirəcəyik. Ümid edirəm ki, Azərbaycan çempionatının başlanmasına qədər komanda lazımi gücü toplaya biləcək.
- Yeni mövsümdə rəhbərliyin məşqçilərdən və komandadan əsas tələbi nə olacaq?
- "Xəzər Lənkəran" yaranan gündən liderlik uğrunda yarışıb. Komanda yeni mövsümdə də çempionluq və kubok üçün mübarizə aparacaq. Layiqli çıxış etməklə avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. İnanıram ki, çətin yolda azarkeşlərimiz yanımızda olacaq.
