Qurban Qurbanov: Güclü rəqiblərlə qarşılaşmağı özüm istədim
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- Yeni mövsümə hazırlıq necə gedir?
- Xüsusi problem yoxdu. Hər şey plan üzrə gedir. İyunun 13-dən Bakıda hazırlaşırıq. Yığma üzvləri hazırlığa iki gün gec qoşuldular. Sabah Avstriyaya yollanacağıq.
- Komandanın kapitanı Rəşad Sadıqovun vəziyyəti nə yerdədi?
- O, hazırda sağalmaq üzrədi. Fikrimcə, Avstriyada komandaya qoşular.
- Yeni transferiniz Danilo Diasla bağlı düşüncələriniz necədi?
- Tədricən komandaya uyğunlaşır. Fikrimcə, onun adaptasiyası gözləniləndən də tez mümkün olacaq.
- Klubun yeni bazası barədə də fikirləriniz maraqlıdı...
- Baza hələ hazır deyil. Orada iş gedir. Sabah səhər orada sonuncu məşqimizə çıxacağıq. Ondan sonra qazonu dəyişəcəklər. Bazaya Avstriya toplanışından sonra köçəcəyik. Həmin vaxta kimi baza komandanı qəbul etməyə tam hazır olmalıdı. Təbii ki, komandanın öz bazasının olması çox yaxşıdı.
- Avstriyada "Qarabağ"ı "Şaxtyor" (Ukrayna), "Krasnodar" (Rusiya) və "Viktoriya" (Plzen, Çexiya) kimi güclü rəqiblərlə sınaq matçları gözləyir. Bu, Çempionlar Liqası öncəsi xüsusi olaraq seçilmiş rəqiblərdi?
- Mən özüm güclü rəqiblərlə qarşılaşmağımızı istədim. Həm də toplanışımız bu klublarla eyni vaxta, məkana təsadüf edəcək. Bu rəqiblərlə oyunlar futbolçuları iş başında yoxlamağımıza, onların təcrübələrini artırmağa yardımçı olacaq. "Qarabağ" indidən belə rəqiblərin gücünü hiss etməlidi ki, ÇL-də ciddi çətinliklə üzləşməyək.
- Artıq üç gün sonra ÇL-in püşkü atılacaq...
- Düzünü deyim ki, hazırda püşkatma haqda heç nə düşünmürəm. Bütün fikrim komandanı daha yaxşı vəziyyətə gətirməkdi. İstəyirəm ki, komanda iyulun 15-16-na qədər tam hazır olsun.
- Yəni potensial rəqiblər arasından qarşılaşmağınızı istədiyiniz bir neçə klub yoxdu?
- Düzünü bilmək istəyirsizsə, yox. Əgər indidən kiminlə düşəcəyimizə görə narahat olsaq, bu, bizim işimizə mane olar.
- Braziliyadakı dünya çempionatını izləyirsiz?
- Əlbəttə. Fikrimcə, bu mundial tarixdəki ən yaxşı dünya çempionatlarından biridi.
- Hansı komandaya azarkeşlik edirsiz?
- İspaniyaya. Amma gördüyünüz kimi, onlar artıq demək olar ki, çıxışlarını başa vurdular. Yaxşı komandalar çoxdu. Məsələn, Uruqvayla Çili yaxşı təsir bağışlayır. Belçikanı maraqla izləyirəm.
