Beşiktaş Bakıda çempion oldu
Xəbər verdiyimiz kimi, "Şəfa" stadionunda Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "IBA Cup" yeniyetmələr arasında 3-cü beynəlxalq futbol turniri keçirilib. Azerisport.az xəbər verir ki, bu gün turnirin həlledici oyunları baş tutub.
Üçüncü yer uğrunda oyunda İspaniya "Vilyarreal"ı ilə Serbiya "Partizan"ı qarşılaşıb. İspanlar 5 cavabsız qolla qalib gələrək bürünc medallara sahib çıxıblar.
Final oyununda isə Türkiyənin "Beşiktaş" klubu Almaniya "Ayntraxt"ı ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Penalti zərbələrinin daha dəqiq yerinə yetirən qardaş ölkə təmsilçisi 5:4 hesabıyla üstün olub və turnirin qalibi adını qazanıb.
Xatırladaq ki, turnirdə 8 klub iştirak edirdi. Təşkilatçı "İnter"in U-14 komandası turniri altıncı pillədə başa vurub.
