Rəvan Kamal Bayramova görə Girəsunspordan 15 min dollar tələb edir
Türkiyənin "Girəsunspor" klubu azərbaycanlı qapıçı Kamal Bayramovu transfer etmək üçün "Rəvan"la danışıqları davam etdirir. Azerisport.az xəbər verir ki, tərəflər kompensasiya məsələsində razılığa gələ bilmirlər.
"Rəvan" müqaviləsinin müddəti başa çatmamış futbolçusuna görə qarşı tərəfdən 15000 dollar tələb edir. Lakin Türkiyə klubu onların tələb etdiyi məbləği ödəmək istəmir və Bayramovu transfer haqqı ödəmədən heyətinə qatmaq istəyir.
Maraq üçün qeyd edək ki, "Rəvan" növbəti mövsümdən Premyer Liqada çıxış etməyəcək. Bu üzdən paytaxt klubu futbolçularını digər komandalara icarəyə verir. Artıq Elvin Həsənəliyev "Sumqayıt"a, Novruz Məmmədov AZAL-a, Hüseyn Axundov isə "Araz Naxçıvan"a icarəyə verilib.
"Sumqayıt" "Rəvan"ın digər futbolçusu Ceyhun Cavadovu da heyətinə qatmaq istəyir.
