Ruslan Qurbanov: Vobay və Platye ilə rəqabətdən qorxmuram
"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi
- Yeni mövsümə hazırlıq necə keçir?
- Çox yaxşı. Biz Bakıdakı hazırlıqlara iyunun 6-dan başlamışdıq. İndi isə Boludayıq. Öncə bütün legionerlər komanda ilə birgə deyildi. İndi isə tam heyətlə hazırlaşırıq.
- Yəqin ki, Avropa Liqasında çıxış edəcəyinizə görə, xüsusi hazırlaşırsız...
- Əlbəttə. Özü də bu, mənim Avroliqada ilk çıxışım olacaq. Yaxşı hazırlaşmağa çalışırıq ki, yenidən qrup mərhələsinə vəsiqə qazanaq.
- Bu gün "Neftçi" ilk yoxlama oyununu keçirəcək. Gürcüstanın "Çixura" komandası haqda nəsə bilirsiz?
- "Çixura"nın necə komanda olduğunu, necə oynadığını bilmirəm. İstənilən halda həm Gürcüstan klubu, həm də Səudiyyə Ərəbistanını təmsil edən "Əl-Tavon"la görüş bizim üçün faydalı olacaq. Çalışacağıq ki, hər iki oyunda qələbə qazanaq. Bu, komandadakı əhval-ruhiyyəni yaxşılaşdıra bilər.
- Bu, həm də sizin özünüzü sübut etmək üçün əla şansdı...
- Əlbəttə. Mənim vəzifəm qol vurmaqdı. Qalanına isə baş məşqçi özü qərar verəcək. İstənilən halda, mən həmişə komandama kömək etməyə hazıram.
- Ötən mövsümü komandanız üçün necə dəyərləndirə bilərsiz?
- Biz çempionatda uğursuzluqla üzləşdik. Amma kubokda istədiyimizə nail olduq. "Neftçi" flaqmandı və flaqmanın mövsümü titulsuz bitirməyə haqqı yoxdu.
- Ötən mövsümün ilk yarısını "Sumqayıt"da, qalanını "Neftçi"də keçirdiz. Bu komandaların hər ikisinə alışmaq çətin olmadı ki?
- Xeyr, çətin olmadı.
- "Sumqayıt"ın elitada qalmasına sevindiniz?
- Əlbəttə. Mən "Sumqayıt"ın bunu bacaracağına inanırdım. Bu klub elitada oynamağa layiqdi. Orada çoxlu yaxşı futbolçular çıxış edir.
- Melvin Platye və Julius Vobayın yenidən komandaya qayıtmasından sonra ehtiyatda qalacağınızdan çəkinmirsiz ki?
- Xeyr, onlarla rəqabətdən qorxmuram. Əksinə, mən belə rəqabətin tərəfdarıyam. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam ki, baş məşqçinin etimadını qazanım.
- "Neftçi"nin Avroliqadakı potensial rəqibləri ilə tanış olmusuz?
- Xeyr, baxmamışam. Kiminlə düşməyimizin fərqi yoxdu. Bizim əsas məqsədimiz əvvəlki uğurumuzu təkrarlamaqdısa, kiminlə qarşılaşsaq, qələbə qazanmalıyıq.
- Ötən mövsüm "Neftçi"ni Çempionlar Liqasında ilk cəhddəcə mübarizədən kənarlaşdıran Albaniya "Skenderbeu"su ilə yenidən qarşılaşmaq istərdiz?
- Onlarla yenidən qarşılaşmağımız həqiqətən çox yaxşı olardı. Çünki biz revanşımızı almağa borcluyuq.
- "Neftçi"nin heyətində Avroliqada uğurlu çıxış etsəz, bu, sizin yığma komandamıza da yolunuzu aça bilər. Bu barədə düşünürsüz?
- Bəli. Mənim əsas məqsədim özümü ən yaxşı tərəfdən göstərməkdi. Belə olan halda yığmaya da dəvət ala bilərəm. Bunun üçün isə çox çalışmağım lazımdı.
- Braziliyada keçirilən dünya çempionatında kimə azarkeşlik edirsiz?
- Argentina və Braziliya yığmalarına azarkeşlik edirəm. İspaniyanın bu mövsüm yenidən dünya çempionu olacağına inanmıram. Almaniyaya gəlincə, onların mükafatçılar sırasında olacağını düşünürəm.
