Baçana Sxadadze: Vaqif Cavadovu daha güclü hücumçu əvəzləməlidi
"İnter"in hücumçusu Baçana Sxadadze azerisport.az saytına müsahibəsində Avstriya toplanışından danışıb, bu ölkənin dördüncü liqa təmsilçisi "Buxşaxen" komandasına qarşı keçirilmiş yoxlama matçını (5:0) şərh edib, eləcə də Vaqif Cavadovun gedişinə münasibət bildirib:
"Rəqib Avstriyanın dördüncü liqa təmsilçisi olsa da, biz öz oyun ritmimizi yalnız ikinci hissədə tapa bildik. Düzünü deyim ki, "İnter" hələ 100 faiz hazır deyil. Ona görə də "İnter"in ilk rəqibləri belə zəif komandalardı".
Sxadadze Avropa Liqasının təsnifat mərhələsindəki hədəflərindən də danışıb: "Hədəfimiz minimum ötənilki nəticəmizi təkrarlamaqdı. Ən azı iki mərhələ keçməliyik. Komanda ciddi hazırlaşır. Yeni futbolçular çoxdu. İnanıram ki, onların "İnter"ə faydası dəyəcək".
Gürcü forvard komandaya daha bir hücumçu lazım olduğunu gizlətməyib: "Bizə ən azı iki futbolçu lazımdı. Sezar Meza Kollinin zədələnməsindən sonra hücumda tək qalmışam. Ona görə də komandaya hücumçu lazımdı. Sezar da zədəsini sağaltdıqdan sonra bizə kömək edəcək".
Baçana son mövsümdə komandanın bombardiri olmuş Vaqif Cavadovun gedişinə də münasibət bildirib: "Vaqifin düz və ya səhv etdiyini deyə bilmərəm. O, yaxşı futbolçudu, gələcək karyerasında uğurlar arzulayıram. Əlbəttə, ən yaxşı futbolçularımızdan birinin komandadan getməsi bizim üçün yaxşı hal deyil. Amma bu, futboldu. Kimsə gedir, kimsə gəlir. Vaqif son mövsümdə komandanın bombardiri olmuşdu. Onun yerinə gələcək futbolçu gərək daha da güclü ola".
