Arif Əsədov: Qarabağ və Neftçiyə avrokuboklarda daha çox ümid var
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində keçmiş komandasındakı dəyişikliklərdən, eləcə də dünya çempionatından danışıb.
- "Neftçi" Azərbaycan Kubokunu qazandı və indi heyətdə mühüm dəyişikliklərə başlayır. Sizcə, bu komandanın avrokuboklarda çıxışına təsir edəcəkmi?
- Ardıcıl 3 il çempion olan komanda nə vaxtsa dəyişikliyə başlamalıdı. Bütün dünyada belə olur. "Neftçi" 3 mövsüm rəqib tanımadı. Azərbaycan çempionu oldu, Kubok qazandı. İndi nəsil dəyişikliyinə başlamaq vacibdi. Yəni heyətdə daha çox gənclərə şans verilməsini düzgün qərar sayıram. Yerdəyişmələr normaldı. Avrokuboklardakı çıxışa təsir ola bilər. Sadəcə, çox şey püşkdən asılı olacaq.
- Bahodir Nəsimovun komandanı tərk etməsi düzgün qərar idi?
- Nəsimovun ən yaxşı ili ilk mövsüm oldu. "Neftçi"yə gələndə çempionatda parlaq oyunlar nümayiş etdirdi. Bombardir olandan sonra oyununda eniş dövrü başladı. İndiki halda onun zədəli olduğu deyilir. Buna görə "Neftçi"nin Nəsimovla müqaviləni artırmaması düzgün qərardı.
- Julius Vobay əvvəlki oyunu göstərə biləcək?
- Vobay təcrübəli futbolçudu. Adətən belə futbolçulara başqa ölkənin çempionatında çıxış etmək problem yaratmır. İcarədə oynadı və fikrimcə, qayıdandan sonra da "ağ-qaralar"a xeyirli olacaq. Vobay meydanda ürəyini qoyur. Ona görə ona güvənmək olar.
- Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında çıxışa hazırlaşır. Əksəriyyət düşünür ki, komanda qrup mərhələsinə qədər irəliləyə bilər...
- Püşkü gözləmək lazımdı. İstənilən halda Çempionlar Liqasında qrupa düşmək çətindi. Pley-offda nəhəng klublar yarışır. Amma Avropa Liqasında əsas mərhələyə düşmək imkanı var. "Neftçi" qrup mərhələsinə adlayandan sonra "Qarabağ" da bu uğuru təkrarlamaq istəyir. Bir növ Ağdam təmsilçisinin üzərində təzyiq var.
- "İnter"lə "Qəbələ"dən Avroliqada hansı nəticəni gözləmək mümkündü?
- "İnter" heyəti qoruya bilmədi. Bu baxımdan çətin olacaq. "Bankirlər" heç olmasa, bir mərhələ keçməlidi. Qrupa düşmək onlar üçün çox çətin olar. "Qəbələ" də baş məşqçisini gec tapdı. Sözsüz ki, bu futbolçuların hazırlığına təsirsiz ötüşməyəcək. Bütün klublardan uğur gözləyirik. Amma daha çox "Qarabağ"la "Neftçi"yə ümid var. İstəyirəm ki, bu iki komandanı təzyiq altında saxlamayaq. Klublarımız peşəkardı. Onlar necə hazırlaşmağı yaxşı bilir.
- Dünya çempionatında hansı milli komandaya azarkeşlik edirsiz?
- Mundial bir bayramdı. Bu bayramda mən Braziliya yığmasına azarkeşlik edirəm. Mənim üçün maraqlıdı ki, bu komandanın heyətində hazırda dünya çempionu yoxdu. Gənc heyət çempionluq üçün alışır. Meydan sahibi kimi nəyə nail olacağı maraqlıdı. Braziliya hər zaman futbol ölkəsi olub. Biz yenə futbolun gözəlliyini sambaçıların ifasında izləyəcəyik.
