Yaşar Seyidov: FİFA-nın Bakını cəzalandırmasında bizim menecerlər də maraqlıdı
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov bəyan edib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi menecerlər paytaxt klubu ictimaiyyətin gözündə alçaltmağa çalışırlar. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Mətbuatda FİFA-nın "Bakı"nın cəzalandırdığına dair məktublar dərc olunub. Hansı ki, bolqar futbolçu Aleksandr Tomovskiyə görə, dünya futbol qurumu məsələ qaldırmışdı. Bu məsələdə ən maraqlı məsələ ondadı ki, FİFA-nın həmin məktubu hələ də, "Bakı"ya gəlib çıxmayıb".
Seyidov daha sonra Tomovski qalmaqalı ilə bağlı aşağıdakıları qeyd edib: "Tomovski ilə bağlı hadisə belə olub. Bu futbolçu "Bakı"da 2008/09 mövsümündə çıxış edib, cəmi altı oyun keçirib. Şübhəsiz ki, belə az oyun keçirən, onlarda da sonradan meydana daxil olan bir futbolçunun çempionluq mükafatı tələb etməyə haqqı yoxdu. Amma Tomovski digər legionerlərdən ikisinin həmin çempionluq mükafatını aldığını eşidincə, belə şikayətçi düşüb, qazanc əldə etməyə çalışıb. O, tanınmış menecer və vəkil Georgi Qradevə müraciət edib. Qradev də öz növbəsində Tomovskinin mükafatını almadığını FİFA-ya bildirib. FİFA-nın mübahisəli məsələlərin həlli üzrə palatası da bu məsələyə baxıb. Mükafatın məbləği 20 min dollar idi. Ötən illər ərzində isə bu məbləğ 78 min dollara yüksəlib. FİFA da bizdən indi məhz bu məbləği tələb edir. Əks halda bizi diskvalifikasiya edəcəklər. Halbuki, Tomovskinin bu mükafatı almağa haqqı yox idi.
Bütün bu məsələlərdə ən üzücü fakt ondadı ki, bəzi azərbaycanlı menecerlər də bizim cəzalanmağımızda maraqlıdılar. Belə mübahisəli məsələlər yarananda əcnəbilərə məhz bizimkilər kömək edirlər, vəziyyəti daha da qəlizləşdirirlər. FİFA-nın klubumuzu cəzalandırmaq istəməsində onlar da günahkardılar".
