Araz Naxçıvan Latviyadan oyunçu gətirir
Legioner qadağası “Araz Naxçıvan”ın məşqçilər korpusunun əl-qolunu tamamilə bağlayıb. Ona görə də “Araz Naxçıvan” heyətini tamamilə yerli futbolçulardan və ya Azərbaycanla bağlılığı olan futbolçulardan qurmalıdı.
Buna qədər Qərib İbrahimov, Emin Cəfərquliyev, Cahangir Həsənzadə və Ruslan Nəsirli ilə anlaşan “Araz Naxçıvan”ın növbəti transferi hücumçu olacaq. Belə ki, baş məşqçi Əsgər Abdullayev milli komandamızın sabiq üzvü Vüqar Əsgərovu gətirir.
“Sumqayıt”dan ayrıldıqdan sonra Latviyaya getmiş Vüqar Əsgərov bu gün Azərbaycanda olacaq. 29 yaşlı hücumçu ilə Naxçıvan klubunun 1 illik müqavilə imzalaması gözlənilir. Vüqar əməkdaşımızla az öncəki söhbətində də bu məsələni inkar etməyib: “Bəli, Azərbaycana gəlirəm. Sabah inşallah vətəndə olacağam. İki gün içində hər şey bəlli olacaq. Mən Azərbaycanda yenidən oynamağı çox istəyirəm”.
Qeyd edək ki, Əsgərov Latviyada “Metallurq”, “Elqava”, “Yurmala” kimi klublarda çıxış edib. Hücumçu bir müddət Azərbaycan yığmasına da dəvət alıb. (klub saytı)
