İbrahim Şehiç: Bosniya Argentina ilə sülh bağlaya bilərdi
"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiçin azerisport.az saytına müsahibəsi
- Yığma komandanızın DÇ-də Argentinaya qarşı keçirdiyi matçı izlədiz?
- Əlbəttə. Bu görüşü səbrsizliklə gözləyirdim. Təəssüf ki, məğlub olduq. Bosniya və Herseqovina dünya çempionatları tarixindəki ilk matçında pis təsir bağışlamadı. Biz dünyanın ən böyük yığmalarından birinə qarşı oynayırdıq. Hansı ki, bu komandada Lionel Messi kimi futbolçu çıxış edir. Biz oyun təşkili baxımından onlara çox da uduzmurduq və hətta heç-heçə də edə bilərdik.
- Qalan oyunlardakı şanslarınızı necə qiymətləndirirsiz?
- Əgər belə oynamağa davam etsək, qrupdan çıxa bilərik. Baxmayaraq ki, Nigeriya və İranla da oyunlar çətin olacaq. Amma əminəm ki, növbəti görüşdə komandamız daha yaxşı çıxış edəcək və biz ilk qələbəmizi qazanacağıq.
- Yəqin ki, Braziliyaya aparılmadığınıza görə təəssüfləndiniz...
- Əlbəttə, mən də DÇ-də iştirak etmək istərdim. Amma nə etmək olar? Hazırda Bakıdayam, komandamın yeni mövsümə hazırlığını düşünürəm. Bosniya və Herseqovinaya yalnız uğur arzulaya bilərəm.
- Çempionlar Liqasının püşkatmasından nə gözləyirsiz?
- Düzünü deyim ki, hazırda o barədə düşünmürəm. Bizə sadəcə, bu turnirə yaxşı hazırlaşmaq lazımdı.
- İstənilən halda rəqibinizin kimliyindən də çox şey asılıdı...
- Rəqiblərə ciddi fikir vermirəm. Nə qədər münasib rəqiblə qarşılaşsaq, bir o qədər yaxşıdı. "Qarabağ" kifayət qədər güclü komandadı və yaxşı nəticəyə ümid edə bilər.
