Ruslan Abışov mundialdakı favoritlərini açıqladı
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində bu gecə start götürəcək dünya çempionatı ilə bağlı proqnozlarını açıqlayıb.
- DÇ-ni necə izləyəcəksiz?
- Mənim rejimimə mane olmayacaq bütün oyunları izləyəcəm. Çünki, bəzi oyunlar gecə saat 3-də başlayacaq. İlk növbədə AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizin oyunlarını izləyəcəm. İtaliya və Xorvatiyanın.
- Sizcə, dünya çempionu hansı komanda olacaq?
- Mənim favoritim həmişəki kimi, İspaniyadı. Onlara azarkeşlik edəcəm ki, ardıcıl ikinci dəfə dünya çempionu olsunlar.
- Bəs turnirin sürpriz komandası hansı ola bilər?
- Bosniya və Herseqovinadan sürpriz gözləyirəm. Fikrimcə, onlar qrupdan çıxsalar, bu, əsl süpriz olar. Ondan sonra isə sensasiya olacaq.
- DÇ-nin bombardiri qismində kimi görürsüz?
- Mənim bu baxımdan iki favoritim var - Messi və Ronaldo. Amma onlardan hansı daha üstün olacaq, onu dəqiq demək çətindi. Yəqin ki, hansının komandası daha çox irəliləyə bilsə, həmin futbolçu.
- Finalda kimi görürsüz?
- Argentinanın yaxşı yığması var. Amma mən onları finalda görmürəm. Mənim fikrimcə, həlledici oyunda Braziliya ilə İspaniya qarşılaşacaq.
- Tanışlardan kimə azarkeşlik edəcəksiz?
- Şübhəsiz ki, komanda yoldaşlarıma - Mübarək Vakaso (Qana), Sergey Rıjikov və Pavel Moqilevetsə (Rusiya).
- Rusiya yığmasının şansları barədə nə düşünürsüz?
- Rusiyanın da güclü yığması var. Amma qrupları çox ciddidi. Belçika ilə birgə qrupdan çıxa bilərlər.
