31 may 2014 00:55
Böyükağa Hacıyev: Nəticə ilə yanaşı, Azərbaycan futbolunu da düşünürük
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında komandadan gedən əcnəbi məşqçilər haqda danışıb:
“Qapıçılarla işləyən, eləcə də, fiziki hazırlıq üzrə məşqçinin komandadan ayrılması, səbəbsiz olmadı. Onlar getmək istədilər, biz də saxlamadıq. “Neftçi”də böyük heyət çalışır. İndi heyətlə bağlı müzakirələrimiz davam edir. Komandanın Avropa Liqasında uğurlu çıxışı üçün çalışırıq. Gedən məşqçilərin yerinə başqaları gələcək. Hazırda baxışda olacaq legionerlərin adı dəqiqləşir. Hazırlıq zamanı bir neçə legionerə baxacağıq. Gəncləşdirməyə gəlincə, komanda hər zaman perspektivli yerli futbolçulara dəstək olub. Bundan sonra da gənclərə şans verəcəyik. Biz nəticə ilə yanaşı, Azərbaycan futbolunun gələcəyini də düşünürük”.
