30 may 2014 17:44
Danilu Diaş: Azarkeşlər meydanda Qarabağ üçün sona qədər döyüşən futbolçu görəcəklər
Mövsüm başa çatar-çatmaz transfer çalışmalarına start verən “Qarabağ” ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, ölkə çempionumuz Portuqaliyanın “Maritimu” klubundan 28 yaşlı forvardı transfer edib.
Braziliyalı ön xəttin istənilən mövqeyində çıxış edə bilər. 2005-ci ildə karyerasına ölkəsində başlamış forvard karyerasının ən uğurlu illərini də məhz sonuncu klubunda keçirib. Tibbi baxışdan keçdikdən sonra Danilo ilə 2 illik müqavilə bağlanılıb. Dias komandada 11 nömrəli futbolkanı daşıyacaq.
“Çempion komandaya gəlmişəm. Üstəlik, komanda bu titulu qazandıqdan sonra ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən gözlənilənlər çoxdur. Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəyəm. Komandanın bir parçası olmaq çox vacibdir. Çünki uğurları ayrı fərdlər deyil komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada mənə qədər üç braziliyalı var. Həmvətənlərimin olması, əlbəttə ki, uyğunlaşma baxımından, üstünlükdür. Qarşıdan Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm budur ki, onlar meydanda “Qarabağ” üçün sona qədər döyüşən futbolçu görəcəklər”, deyə Diaş klub saytına müsahibəsində bildirib.
