30 may 2014 13:31
Qondarma DQR yığması DÇ-yə yollandı
Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yığması İsveçdə keçiriləcək tanınmamış ərazi qurumlarının dünya çempionatına yollanıb. Azerisport.az xəbər verir ki, yarış Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConIFA ) tərəfindən 1-6 iyun aralığında keçiriləcək.
Xatırladaq ki, əvvəllər ConIFA AFFA-nın qondarma Dağlıq Qarabağ Respublikasının müvafiq turnirdə iştirakı ilə bağlı etirazını rədd etmişdi. ConIFA qondarma DQR-ə belə bir imkanı verməsini yerli federasiyanın nə AFFA və nə də FIFA-nın üzvü olmaması ilə əsaslandırmışdı. ConIFA-ya görə bu, Dağlıq Qarabağda futbolun dünya birliyindən tamamilə təcrid olması anlamına gəlir, oyunçular və klublar isə beynəlxalq oyunlar və çempionatlarda iştirak edə bilmirlər.
Əlavə edək ki, qondarma DQR yığmasının heyətində həmçinin, Ermənistan və Rusiya klublarında çıxış edən futbolçular yer alıb. Yarışda daha 11 yığma iştirak edir. Onların arasında Abxaziya, Cənubi Osetiya, Kürdüstan yığmaları da var.
ConIFA öz etirazının siyasi məqsəd daşımadığını iddia edir. Buna rəğmən, qurum nəinki Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan icmasına, həmçinin Azərbaycan Respublikasına tamamilə etinasızlıq göstərərək, ölkənin ərazi vahidini təmsil edən komandanın müvafiq turnirə dəvəti ilə əlaqədar ölkə rəhbərliyini məlumatlandırmayıb.
