Qarabağın ÇL-də daha bir mümkün rəqibi bəlli oldu
Futbol üzrə San Marino çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu adı “La Fiorita” klubu qazanıb.
Nəticədə bu komanda UEFA Çempionlar Liqasında çıxış etmək şansı qazanıb. "La Fiorita" ilk təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Hansı ki, bu komandanın çempionluğundan sonra ilk təsnifat mərhələsinin altı iştirakçısının hamısı müəyyənləşmiş olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 23-də keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı yeni mövsümdə "Qarabağ" təmsil edəcək.
Püşkatma ərəfəsində UEFA-nın reytinq cədvəlinə əsasən, iştirakçı klublar səpələnmişlər və səpələnməmişlər səbətinə bölünəcək.
Birinci təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə səpələnməmişlər səbətində yer alacaqlar. "La Fiorita" ikinci təsnifat mərhələsinə vəsiqə qazansa, səpələnməmiş komandalar səbətində yer alacaq. Bu isə San Marino çempionunun “Qarabağ”ın mümkün rəqibi olması deməkdi.
Hazırda ilk təsnifat mərhələsinin bütün iştirakçıları bəlli olsa da, ikinci təsnifat mərhələsində çıxış etməli olan 31 iştirakçıdan 29-nun adı bəllidi.
Artıq indidən "Qarabağ"ın ÇL-in ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı təxmini bəllidi. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdi. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı səpələnmişlər səbətində olacağına işarədi. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda gözləyəcək.
Birinci təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq), La Fiorita (San Marino).
İkinci təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya).
Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), “Jalgiris” (Litva).
Hazırda ikinci təsnifat mərhələsinin sadəcə, 2 iştirakçısının adı bəlli deyil. Bunlar gələcək Çernoqoriya və Macarıstan çempionlarıdı.
Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
