Berti Foqts: Onun oyunu məni məyus etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Amerika Birləşmiş Ştatlarının komandasına qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis millimizin 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"ABŞ tərəfinə bu oyuna görə təşəkkürümü bildirirəm. Bizim gənc komandamız üçün bu oyun təcrübə toplamaq baxımından vacib idi. Rəqib komandanın heyətində əsl ustalar var. Belə oyun keçirmək şansı əldə etdiyimizə görə sevinməliyik.
70 dəqiqə yaxşı oynadıq. Amma ondan sonra bəzi futbolçular yoruldu.
Bəzi futbolçuları müxtəlif mövqelərdə yoxladım. Şadam ki, belə bir fürsət əldə edə bildim.
Bizim heç də vacib olmayan iki səhvimiz oldu ki, məhz bu üzdən məğlub olduq.
Dmitri Nazarov? O, universal oyunçudu. Bu futbolçuya komandaya uyğunlaşması üçün vaxt lazımdı. Onun bugünkü oyunundan razı qaldım. Abdulla Abatsiyevlə İlkin Qırtımovdan da razı qaldım. Amma Pərdis Fərcad-Azadın oyunu məni məyus etdi.
Rəşad Sadıqovun yoxluğuna gəlincə, mənə elə gəlir ki, müdafiə xətti onsuz pis oynamadı. İlk dəqiqələrdə müəyyən çətinlik çəkdikləri hiss olunsa da, sonradan təzyiqi üzərlərindən ata bildilər.
Mən təkcə müdafiədə səhv etdiyimiz üçün uduzduğumuza dair fikirlərlə razı deyiləm. Yarımmüdafiədəki səhvlər də sözünü dedi. Futbol komanda oyunudu".
