27 may 2014 15:33
Con Çempion: Azərbaycan yığması müvəffəqiyyətli nəticəyə ümid edə bilər
BBC və ITV-nin məşhur britaniyalı jurnalisti, 20 ildən artıq İngiltərə premyer-liqasının oyunlarını şərh edən, PES oyun konsollarının səsi Con Çempion may ayının 28-də San-Fransiskoda ABŞ və Azərbaycan yığmaları arasında baş tutacaq yoldaşlıq oyunu haqda fikirlərini azerisport.az saytı ilə bölüşüb:
“Bu oyun hər iki komanda üçün vacib olacaq. Azərbaycan yığması ilə oyun şübhəsiz ki, dünya çempionatına hazırlaşan ABŞ yığmasına fayda verəcək. Klinsman qarşıdakı oyuna Türkiyə və Nigeriya yığmalarına qarşı keçiriləcək oyunlar qədər ciddi yanaşır. Düşünmürəm ki, ABŞ yığması münasib heyətlə oynasın. Klinsmanın ixtiyarında 23 futbolçu var və o, Braziliyaya səfər ərəfəsində hamını iş başında görmək istəyəcək.
Bu, sürpriz olacaq. Ancaq mən təəccüblənməyəcəyəm. Axı onlar futbol oynayırlar (gülümsəyir). Mən Azərbaycan millisinin Rusiya yığması ilə necə heç-heçə etdiyini görmüşəm. Mənə elə gəlir ki, Berti Foqtsun komandası müvəffəqiyyətli nəticəyə ümid edə bilər. Əlbəttə, mən Foqtsu o, Şotlandiyada işlədiyi vaxtdan tanıyıram. Azərbaycan yığması texnikalı futbolçulardan təşkil edilib. Komandanın problemləri taktiki plandadır. Ancaq bunu aradan qaldırmaq olar. Baxın, Azərbaycana necə adlar gəlir: Toni Adams, Mustafa Dənizli, Yuri Syomin, Berti Foqts. Sözsüz, belə futbol adamları futbola müsbət təsir göstərə bilər”.
Rüstəm Mikayıllı, “Kendlstik Park”, San-Fransisko
