Karlos Kardoso: Neftçidən getməyə hazırlaşmıram
"Neftçi"nin braziliyalı müdafiəçisi Karlos Kardoso Azərbaycan Kubokunun "Qəbələ" ilə final oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Qəbələ" üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiz?
- Azərbaycana gələndə anlamışdım ki, "Neftçi" ölkənin ən böyük komandasıdı. Əvvəlki son üç mövsümdə komanda üç dəfə çempion olmuşdu, bir dəfə kuboku qazanmışdı. Bu mövsüm mükafatsız qalmağımız üzücü olardı. Ona görə də bu kuboku qazanmağa borclu idik. Şadam ki, bu istəyimizə nail olduq.
- Bu qələbəni kimə həsr edirsiz?
- Bu uğuru haqq edən klubuma və öz körpəmə.
- Hər şeyə penalti vuruşlarında aydınlıq gələciyini gözləyirdiz?
- Hiss olunurdu ki, 90 dəqiqədən daha çox oynaya bilərik. Penalti vuruşlarında da uğur bizim tərəfimizdə idi.
- Deməli, hər şeyi bəxt həll etdi?
- Belə deməzdim. Fikrimcə, penalti seriyasından öncə də qələbəni təmin edə bilərdik. Sadəcə, oyunun gedişində bəxt bizim tərəfimizdə olmadı.
- Bu mövsümü "Neftçi" üçün uğurlu saymaq olar?
- Bəli. Əgər komanda kubokun qalibi olubsa, niyə bu mövsümü uğurlu saymayaq ki? Azərbaycanda uğur qazanmaq üçün iki turnir var ki, onlardan da birini biz qazandıq. Düzdü, Premyer Liqada istədiyimizə nail ola bilməsək də, kubokun qalibi olduq.
- Növbəti mövsüm üçün planlarınız necədi?
- "Neftçi"də oynamağa davam edəcəm. Harasa getməyə hazırlaşmıram. Klubla müqaviləm var və burada məni hər şey qane edir.
