Georgiyevski: Ola bilsin ki, növbəti mövsüm mənim futbolçu karyeramda sonuncu olsun
Məlum olduğu kimi, bir neçə gün əvvəl "İnter" makedoniyalı futbolçu Slavço Georgiyevski ilə müqavilə müddətini daha 1 il uzatdı. Azerisport.az xəbər verir ki, təcrübəli legioner bununla bağlı klub saytına danışıb:
"Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəm. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və baş məşqçiyə təşəkkür edirəm. Çalışacağam ki, gələn mövsümdə də komandaya fayda verim. Artıq iki ildi ki, "İnter"in formasını geyinirəm və bu klubda məni hər şey qane edir. Ola bilsin ki, növbəti mövsüm mənim futbolçu karyeramda sonuncu olsun, lakin indi mən ancaq gələcək oyunlar haqqında düşünürəm. Qarşıda bizi Avropa Liqasında çıxış gözləyir və bu oyunlara ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, ayın 17-də başa çatmış mövsümdə Slavço Georgiyevski 21 çempionat oyununda meydanda olub və bu matçlarda 1 qolla fərqlənib.
