Ebesilyo: Qazandığımız bu uğurlara görə qürur duyuruq
"Qəbələ"nin yarımmüdafiəçisi Lorenso Ebesilyonun azerisport.az saytına müsahibəsi
- Kubokun finalında "Neftçi"yə məğlub oldunuz...
- Təəssüf ki, yalnız cavab qoluna gücümüz çatdı. Amma bu, futboldu. Qələbə də qazanırsan, məğlub da olursan. Əlbəttə, hamımız qələbə qazanmağı çox istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Amma alınmadı.
- Premyer Liqanın son turundakı gərgin qarşılaşmadan sonra bu oyuna hazırlaşmaq çətin deyildi ki?
- Xeyr. Bu, mövsümün son oyunu olmaqla yanaşı, həm də final matçı idi. Yəni burda maksimum gücümüzü qoymalı olduğumuzu bilirdik. Bacardığımızı da etdik.
- Bütövlükdə, mövsümü necə dəyərləndirə bilərsiz?
- Mövsümün əvvəlini yaxşı keçirdik. Hətta deyərdim ki, hər şey gözlədiyimizdən də yaxşı idi. Amma mövsümün ortalarında müəyyən durğunluq dövrü yaşadıq. Mövsümün sonlarında isə yenidən özümüzə gəldik. Daxili arenada "Qəbələ" ilk böyük uğurunu yaşadı. Qazandığımız uğurlara görə qürur duyuruq. Mövsüm çox çətin keçdi. Klubuma da minnətdarlığımı bildirirəm. Mənə oynamaq, özümü göstərmək şansı verdilər.
- "Qəbələ" Avropa Liqasında da özünü göstərə biləcək?
- Bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, bəzi futbolçuların müqavilə müddətləri başa çatır. Hər halda kimin qalıb-qalmayacağına rəhbərlik qərar verəcək. Qarşıda nəyin necə olacağını deyə bilmərəm. Hazırda biz sadəcə, kubokdakı məğlubiyyətə görə üzülürük. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.
- Bəs siz özünüz "Qəbələ"də qalmaq istəyirsiz, ya başqa təklifləri nəzərdən keçirirsiz?
- Hələ bilmirəm. Geridə çox ağır bir mövsüm qaldı. Bütün mövsümü oynamışam. Dediyim kimi, klub rəhbərliyi mənə çox yardımçı oldu. Şəxsən, mənim üçün uğurlu mövsüm oldu. Çünki əvvəlki komandamda çox nadir hallarda meydana çıxırdım. Əlbəttə, biz kuboku da qazanmaq istəyirdik. Amma məncə, çempionatın bürünc medalı da komandamız üçün bir uğurdu.
