22 may 2014 11:55
Syomin finalın baş hakimi ilə bağlı PFL rəhbərinə narazılığını bildirdi
Dünən PFL rəhbəri Ramin Musayev Azərbaycan Kuboku finalının iştirakçıları “Qəbələ” və “Neftçi”nin finalqabağı hazırlıq məşqlərinə baş çəkib və hər iki komandanının məşqçisi ilə görüşüb. Azerisport.az xəbər verir ki, PFL rəhbərinin “radarlar”ın baş məşqçisi Yuri Syominlə söhbəti çox maraqlı keçib:
Yuri Syomin final oyununa Əliyar Ağayevin təyin edilməsindən gileylənib və bu mövsümdə Əliyar Ağayevin ikisi “Flaqman”la oyunda olmaqla, “Qəbələ”nin qapısına üç penalti təyin etdiyini bildirib. Buna cavab olaraq, Ramin Musayev qeydə alınmış qayda pozuntularının cərimə meydançası daxilində baş verdiyini və qərarların haqlı olduğunu bildirərək, “Qəbələ” futbolçularına qaydaları pozmamağı məsləhət bilib. Sonra müsahiblər Ağayevin hazırda ölkənin ən yaxşı hakimlərindən biri olduğu qənaətinə gələrək, qarşıdakı oyunda hakimlər tərəfindən səhv olmayacağına ümüd etdiklərini bildiriblər.
