Syomin: Bürünc medal mənim üçün vacibdi
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Azərbaycan kubokunun finalında qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
"Maraqlı oyun keçəcək. İstərdik ki, oyunda çoxlu azarkeş olsun. Azarkeş nə qədər çox olsa, komandalar da o qədər artıq motivasiya alacaq. Hansı komanda güclü olsa, o da qalib gələcək. Komandadakı problemlər çoxdan məlum olan oyunçularla bağlıdı. Ürfan Abbasovla Elnur Allahverdiyev cəzalıdı".
"Qəbələ" tarixinin ən yaxşı nəticəsini qazandı, həm 3-cü yer, həm də kubokun finalçısı oldu. Syominin bunu karyerası üçün yaxşı nəticə sayır: "Şübhəsiz ki, bu, mənim karyeramda böyük rol oynayır. Çünki baş məşqçi üçün əsas olan kubok və medaldı. Medalı qazanmışıq, kuboka da yaxınıq".
"Neftçi"də 2 təcrübəli futbolçu finalda oynamayacaq - Araz Abdullayev və Mahir Şükürov. Syomin bunu da dəyərləndirib: "Əlbəttə ki, Araz Azərbaycanın yaxşı futbolçularından biridi və əbəs yerə milli komandaya çağırılmır. Lakin bu, o demək deyil ki, biz hər hansı oyunçuya görə nəticə çıxaracağıq".
Syominlə Marat İzmaylovun komandada qalıb-qalmayacağı hazırda əsas müzakirə mövzularındandı. Rusiyalı mütəxəssis isə buna şərh vermək istəməyib: "Bu sual sabahkı oyuna aid deyil. Ona görə də sabah haqqında düşünürük".
