21 may 2014 13:32
U-17 Liqanın qalibləri mükafatlandırıldı
Bu gün AFFA-nın Futbol Akademiyasının meydançasında U-17 Liqanın 2013/14-cü il mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, U-17 Liqanın bu mövsümündə 12 komanda, 291 oyunçu və 24 məşqçi iştirak edib.
2013-cü il sentyabrın 30-də start verilən və bu il mayın 12-də yekunlaşan liqada keçirilmiş 132 oyunda qapılara 486 qol vurulub.
Əvvəlcə 18 qolla turnirin ən məhsuldar oyunçusu olan "Neftçi" komandasının üzvü Ramiz Quliyev, ardınca isə liqada iştirak edən məşqçilər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən ilin ən yaxşı oyunçusu seçilmiş "Rəvan" klubunun üzvü Əlibəy Məmmədli təltif edilib.
Turnirin sponsoru olan şirkət tərəfindən liqada ilk 3 yeri tutan komandaların baş məşqçilərinə və kapitanlarına mobil telefon hədiyyə olunub.
U-17 liqada üçüncü yeri tutmuş "Neftçi", ikinci pillənin sahibi "Qəbələ" və mövsümün qalibi olmuş "Bakı" komandalarının üzvlərinə xatirə medalları verilib. "Bakı" klubunun oyunçularına kubok təqdim olunub.
Sonda liqanın qalibi "Bakı" komandasına AFFA tərəfindən ölkə xaricində 1 həftəlik təlim-məşq toplanışı hədiyyə olunması ilə bağlı sertifikat verilib.
Mükafatlar AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, turnirin sponsoru olan şirkətin nümayəndəsi Ayaz Əhmədov və futbol veteranı Rüstəm Rəhimov tərəfindən təqdim olunub.
