Rövnəq Abdullayev: Rəvan 1-ci divizonda mübarizə aparacaq
Topaz Premyer Liqasının XXXVI turu çərçivəsində keçirilmiş oyunlardan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, federasiya prezidenti maraqlı mübarizələrin şahidi olduğunu dilə gətirib:
“Topaz Premyer Liqasında bu gün keçirilmiş qarşılaşmalarla 22-ci ölkə çempionatına yekun vuruldu. Mövsüm ərzində bir çox maraqlı oyunların, gərgin idman mübarizəsinin şahidi olduq. “Qarabağ” klubunu Topaz Premyer Liqasının qalibi olması münasibətilə təbrik edir, UEFA Çempionlar Liqasında Ağdam təmsilçisinə uğurlar diləyirəm. O cümlədən UEFA Avropa Liqasında mübarizə aparacaq klublarımıza da qələbə sevinci arzulayıram. Çempionat başa çatdı və idman prinsiplərinə uyğun olaraq, bu il Topaz Premyer Liqasını sonuncu yerdə başa vurmuş “Rəvan” klubu növbəti mövsümdə mübarizəni 1-ci divizionda, müvafiq olaraq, 1-ci Divizionun qalibi olmuş “Araz-Naxçıvan” komandası isə yüksək liqada davam etdirəcək. Hər iki kluba növbəti mövsümdə uğurlar arzulayıram".
Bundan başqa Abdullayev mayın 22-də "Qəbələ" və "Neftçi" komandaları arasında baş tutacaq Azərbaycan kubokunun final oyunu haqda da fikirlərini bildirib: "Məlum olduğu kimi, mövsümə Azərbaycan kuboku uğrunda yarışın mayın 22-də “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. İnanıram ki, azarkeşlər hər iki komandanın ifasında maraqlı futbol tamaşası izləyəcək və daha yaxşı, daha əzmkar oyun nümayiş etdirən komanda kubok yarışının qalibi olacaq”.
