Topaz Premyer Liqasında mövsümün yekun turu
Bu gün Topaz Premyer Liqasının 2013/14 mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, sonuncu - 36-cı turun oyunlarında əhəmiyyətinə görə digərlərindən fərqlənən cəmi 2 görüş baş tutacaq.
"Neftçi" səfərdə "Simurq"un qonağı olacaq. Komandaların cari mövsümdəki son görüşü meydan sahiblərindən daha çox qonaqlar üçün önəmlidi. Çünki heç bir iddiası olmayan Zaqatala klubunun bu görüşdə tək təsəllisi son oyununu qalib başa vurmaq olacaq. Lakin paytaxt klubu səfər oyunundan 3 xalla dönərsə, mövsümü mükafatçılar sırasında başa vuraraq bürünc medala sahib çıxacaq. Lakin bir maraqlı məqam da var. "Neftçi" kubokun finalına daha çox diqqət yetirərək, mükafatçılar sırasına düşməyi 2-ci plana atıb. Çünki Böyükağa Hacıyev komandanın aparıcı legionerlərini Zaqatalaya aparmayıb. 2-3 futbolçu istisna olmaqla, "ağ-qaralar" "Simurq" qarşısına ikinci heyətlə çıxacaq. “Neftçi” Zaqatala təmsilçisi ilə görüşlərdə aşkar üstünlüyə malikdi. Səfərdə indiyədək uduzmayan bakılılar cari mövsümdə rəqibindən qol da buraxmayıb. Bütövlükdə, "Simurq" bu rəqibinə tarixi ərzində yalnız bir dəfə qalib gəlib. Daha 5 görüşdə tərəflər sülhə razılaşıblarsa, “Neftçi”nin 13 qələbəsi var. Top fərqində də "Simurq" çox geri qalır - 7-29.
"Qəbələ" isə doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək. Bu qarşılaşma hər iki komanda üçün əhəmiyyət kəsb edir. Əgər qonaqlar səfərdən heç olmasa, 1 xalla dönərsə, o zaman mövsümü 9-cu pillədə başa vuracaqlar. "Qırmızı-qaralar" üçün isə bu oyun medal baxımından əhəmiyyətlidi. Əyalət klubu mövsümün son oyunundan qalib ayrılarsa və "Neftçi" Zaqatalada xal itkisi ilə üzləşərsə, o zaman Yuri Syominin komandası üçüncülüyü bayram edəcək. Bu səbəblərdən dolayı "Simurq" - "Neftçi" və "Qəbələ" - "Sumqayıt" oyunu digər oyunlara nisbətən komandalar üçün daha çox əhəmiyyət kəsb edir. Tarixə nəzər saldıqda, “Qəbələ”nin Sumqayıt təmsilçisi ilə matçlarda böyük üstünlüyə malik olduğunu görərik. İndiyədək heç-heçə etməyən komandalar ümumilikdə 8-ci dəfə görüşəcək. "Gənclik şəhəri" təmsilçisi cəmi bir dəfə bu rəqibinə qalib gəldiyi halda, 6 dəfə məğlubiyyətlə üzləşib. “Qəbələ” öz meydanındakı oyunlarda ən azı 2 qol vurur və qalib gəlir. Bütövlükdə, top fərqində Syominin komandasının 16-5 öndə olduğunu da qeyd edək.
Bu görüşlərlə eyni saatda turnir cədvəlinin son pilləsində qərarlaşan "Rəvan" digər bir iddiasız paytaxt təmsilçisi "Bakı"nı qonaq edəcək. Bu görüşdə də qonaqların heç bir iddiası yoxdu. Oyunun nəticəsindən asılı olmayaraq, "zolaqlılar" mövsümü 5-ci pillədə başa vuracaq. Bayıl klubu üçün isə bu görüş Premyer Liqada qalmaq uğrunda mübarizə baxımından əhəmiyyət daşıyır. Əgər "aslanlar" bu görüşdən qələbə ilə ayrılsa və "Sumqayıt" Qəbələdən məğlub dönsə, Güvənç Kurtarın komandası sonuncu olmaqdan xilas olacaq. Əks təqdirdə "Rəvan" Premyer Liqadan getməmək üçün komanda sayının artırılmasını gözləməlidi. “Aslanlar” indiyədək heç vaxt “Bakı”ya qalib gəlməyib. 3 görüşdə heç-heçə qeydə alındığı halda, qalan 4 görüşdə "zolaqlılar" 3 xala sevinən tərəf olublar. Lakin paytaxtın eyniadlı təmsilçisi böyük üstünlüyə malik olduğu rəqibi ilə səfər qarşılaşmalarında qələbə qazana bilmir. Top fərqi də "Bakı"nın xeyrinədi - 16:5.
Başqa bir oyun "Şəfa" stadionunda baş tutacaq. "İnter" mövsümün qapanış matçında AZAL-ın "qonağı olacaq". Çünki bu qarşılaşma Şüvəlanda keçirilməli olsa da, daha sonra "Şəfa" stadionuna təyin edilib. "Bankirlər" gümüş medallara sahib çıxdığından, Peşəkar Futbol Liqası mövsümün ikinci komandasına qarşı belə bir jest edib. Bu qarşılaşma da iki tərəf üçün də əhəmiyyətsizdi. Belə ki, Şüvəlan təmsilçisi bu oyunla heç nə qazanmırsa, "bankirlər" də nəticədən asılı olmayaraq gümüş medala sahib çıxacaq. 22-ci paytaxt derbisi ərəfəsində “İnter” cüzi üstünlüyə malikdi. Onlar AZAL-ın meydanındakı son 3 görüşdə də uduzmayıb. Bütövlükdə, "İnter" 6, AZAL 5 qələbə qazanıb, daha 10 görüşdə isə tərəflər "sülh" bağlayıblar. Top fərqində isə "təyyarəçilər" öndədilər - 17-16.
Günün, turun və mövsümün son oyununda isə yeni çempion "Qarabağ" doğma azarkeşlər önündə baş məşqçisiz qalan "Xəzər Lənkəran"ı qəbul edəcək. Ağdam klubunun 2 tur əvvəl çempionluğu təmin etməsi, onların bu görüşə də tam sərbəst şəkildə çıxmasına əsas verir. Bu qarşılaşma Lənkəranda keçirilməli olsa da, cənublular "Qarabağ"ın doğma azarkeşlər önündə mükafatlandırılması üçün oyunun Bakıda baş tutmasına razılıq verib. 10 illiyində mükafatsız qalan "Xəzər Lənkəran"ın tək təsəllisi isə yalnız mövsümün son oyununda çempion üzərində qələbə ola bilər. 28-ci dəfə qarşılaşacaq komandaların duellərində “Qarabağ” minimal üstünlüyə malikdi. Ağdam klubu bu rəqibinə 12 dəfə qalib gəldiyi halda, cənubluların 11 qələbəsi var. Daha 4 qarşılaşmada isə tərəflər "sülh"ə razılaşıblar. Rəqiblərin son 5 oyununda yalnız 1 komanda qol sevinci yaşayır. Bu isə o deməkdi ki, qol vuran qalib gəlir. Bütövlükdə, top fərqində “Xəzər Lənkəran”ın üstünlüyü diqqət çəkir - 30-27.
Topaz Premyer Liqası
36-cı tur
17 may
17:00. Qəbələ - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu.
17:00. AZAL - İnter
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Şəfa” stadionu.
17:00. Rəvan - Bakı
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bayıl Arena”.
17:00. Simurq - Neftçi
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala şəhər stadionu.
19:00. Xəzər Lənkəran - Qarabağ
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
| 1 | Qarabağ | 35 | 21 | 9 | 5 | 65 | 19 | +46 | 72 |
| 2 | İnter | 35 | 19 | 7 | 9 | 57 | 36 | +21 | 64 |
| 3 | Neftçi | 35 | 17 | 8 | 10 | 48 | 42 | +6 | 59 |
| 4 | Qəbələ | 35 | 17 | 7 | 11 | 45 | 35 | +10 | 58 |
| 5 | Bakı | 35 | 15 | 9 | 11 | 50 | 41 | +9 | 54 |
| 6 | XL | 35 | 11 | 13 | 11 | 42 | 48 | –6 | 46 |
| 7 | Simurq | 35 | 11 | 12 | 12 | 35 | 28 | +7 | 45 |
| 8 | AZAL | 35 | 6 | 13 | 16 | 28 | 46 | –18 | 31 |
| 9 | Sumqayıt | 35 | 5 | 10 | 20 | 26 | 58 | –32 | 25 |
| 10 | Rəvan | 35 | 4 | 10 | 21 | 20 | 63 | –43 | 22 |
Bombardirlər:
22 - Reynaldo (Qarabağ)
14 - Vaqif Cavadov (İnter)
11 - Draqan Çeran (Simurq), Daniel Subotiç (Qəbələ), Etame Mbilla (Xəzər L)
10 - Baçana Sxadadze (İnter)
9 - Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).
