Böyükağa Hacıyev: İkinci və ya onuncu yer tutmağın fərqi yoxdu
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasında son oyundan, əsas heyətin Zaqatalaya aparılmamasından, Azərbaycan Kubokunun final görüşündən danışıb.
- Zaqatalada "Neftçi" ikinci heyətlə mübarizə aparacaq. Bunun səbəbi nədir?
- Komandamız ikinci heyətlə mübarizə aparmayacaq. Sadəcə, əsas heyətin bəzi üzvlərinə istirahət vermişik. Mahir Şükürov, İqor Mitreski, Samir Məsimov kimi əsas oyunçularımız meydanda olacaq. Səfərə komanda Bəxtiyar Musayev və Ruben Qonsaleslə gedəcək. Lazımi məsləhətlər verilib. 3 taktiki hazırlıq barədə məlumat var. Məşqçilər oyuna nəzarət edəcək. Lazım gələrsə Bakıda oyuna müəyyən dəyişiklik edə bilərəm. Fikrimcə buna ehtiyac qalmayacaq. Komanda səfərdən qələbəylə qayıda biləcək.
- Deməli, "Neftçi" bürünc medal qazanmaq istəmir?
- Azərbaycan çempionatının hər medalı bizə əzizdir. Sadəcə "Neftçi"nin tək məqsədi çempionluq olub. Bundan sonra mənim üçün başqa nəticə yoxdur. Heç kim inciməsin. 2-ci və ya 10-cu yer tutmaq arasında fərq yoxdur. Həmçinin 3 və ya 4-cü olmaq o qədər önəmli deyil. Vacib qızıl medallar idi. Onun taleyi artıq müəyyənləşib. İndi qalır sadəcə Azərbaycan Kubokunda mübarizə aparmaq.
- Böyükağa Hacıyev üçün Azərbaycan Kubokunun finalı nə qədər vacibdi?
- Karyeramın ən vacib oyunlarından biridir. Sözsüz, mövsümü titulsuz başa vurmaq istəmirəm. Çempion olmadıq, heç olmasa kuboku qazanaq. Azərbaycan Kubokunu qazansaq kolleksiyama daha bir mükafat əlavə oluna bilər. Komandanın bütün fikri kuboka yönələcək. Ona görə qələbə üçün maksimum gücümüzü ortaya qoyacayıq.
- "Qəbələ" haqda nə düşünürsünüz?
- Heyətində Mendi, Dodo kimi futbolçuları olan komanda zəif ola bilməz. Marat İzmaylov kimi təcrübəli futbolçu komandanın gücünə əlavə güc qatır. Qapıda Azərbaycanın ən yaxşı qapıçısı Kamran Ağayev dayanır. Etiraf edirəm ki, bizim üçün oyun çətin olacaq. Lakin "Qəbələ"ni də asan mübarizə gözləmir. Final bizim üçün həyati əhəmiyyətli görüş olacaq.
- Adətən legioner məşqçilərə qarşı xüsusi motivasiyalı olursunuz...
- Yuri Syomin tanınmış mütəxəssisdir. Ona böyük hörmərimiz var. Komandanın indiki inkişafında onun əməyi danılmazdır. Amma mən hər zaman əcnəbi məşqçilərə qarşı xüsusi motivasiyalı oluram. Daha çox yerli məşqçilərin işləməsinin tərəfdarıyam. Finalda "Neftçi"nin uğur qazanması mənim üçün çox vacibdir. Azarkeşlərimizə mükafat hədiyyə etmək istəyirik.
- "Neftçi" nəyin hesabına "Qəbələ"ni üstələyə bilər?
- Gözəl futbol və qolların sayəsində. Başqa heç nə. Komandam 90 dəqiqə ərzində matçın taleyini həll etməlidir. İndiyə qədər "Qəbələ"ni məğlub etdiyimiz matçlar olub. İndi isə ən vacib matçda bunu etməliyik.
- Siz "Neftçi"də qalırsınız, yoxsa?
- Tələsən yerim yoxdur. Müqaviləm iyunda başa çatır. Mövsüm başa çatandan sonra klub prezidenti Sadıx Sadıxovla görüşərək yeni mövsümün strategiyasını öyrənməliyəm. Bundan sonra necə hazırlaşacağımız məlum olacaq. İndi nə avrokuboklar, nə də yeni mövsüm barədə düşünürük. Fikrimiz kubokdadır.
- Azərbaycan çempionu "Qarabağ" Avropada "Neftçi"nin uğurunu təkrarlaya bilər?
- Çempionu təbrik edirəm. Onlara Avropa uğurlar arzulayıram. Hər şeyi zaman göstərəcək. Gəlin hadisələri qabaqlamayaq.
- "Araz Naxçıvan" Premyer Liqada ümidləri doğruldacaqmı?
- Naxçıvanda hər zaman futbol olub. Bu köklü komandadır. 1966-1967-ci illərdə o komanda olub. Özüm də o komandanın yetirməsiyəm. Fikrimcə Azərbaycan Premyer Liqasında yaxşı mübarizə göstərəcəklər. Hər bir komanda onlarla matçda çətin anlar yaşayacaq. "Araz Naxçıvan" zəif komanda deyil. Yeni mövsüm dediklərimi sübut edəcək.
