16 may 2014 21:00
Mustafa Dənizli: Mən öz vəzifəmdən istefa verməmişəm
Təcrübəli futbol mütəxəssis Mustafa Dənizli bildirib ki, o, “Xəzər Lənkəran”ın baş məşqçi vəzifəsini tərk etməyib. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Mən öz vəzifəmdən istefa verməmişəm, “Xəzər Lənkəran”dan getməmişəm və hələ də komandaya rəhbərlik edirəm. Bəli, rəhbərliklə aramızda gələcək işlərə dair müəyyən fikir ayrılığı var. Ancaq bu görüş mənim gedişimlə nəticələnməyib”.
Dənizlinin sözlərinə görə, növbəti həftədən onlar komandanın gələcək planlarını müzakirə edəcəklər: “İndi mən İstanbuldayam. Ancaq növbəti həftə mən Azərbaycana qayıdacağam və yenidən görüş keçirəcəyəm. Onda da gələcək planları müzakirə edərik. Fikir ayrılıqlarına gəlincə, bu, tamamilə normaldır ki, klub prezidenti və baş məşqçi haradasa bir-biri ilə razı deyillər”. (“Anadolu agentliyi”)
Qeyd edək ki, bu gün “Xəzər Lənkəran” klubunun rəsmi saytında Mustafa Dənizlinin klubun prezidenti Mais Mənsimovla görüşündən sonra tərəflərin qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verdiyi haqda məlumat yer almışdı.
