16 may 2014 15:00

Milinko Pantiç: Ürəyi komanda ilə döyünməyənlər Bakıda qalmayacaqlar

"Bakı" klubunun baş məşqçisi Milinko Pantiç azerisport.az saytına müsahibəsində komandadakı vəziyyətdən danışıb, futbolçuların üsyana qalxması xəbərinə və heyətdə ciddi dəyişiklik olacağına münasibət bildirib:

-  "Bakı" ilə müqavilə imzalayanda bir il ərzində komandanı dəyişəcəyinizi demişdiniz. Sizcə, bu müddətdə nəyə nail oldunuz?
- Çox şey edə bilmədim. Azərbaycanda ilk ilim mənim üçün çox çətin oldu. İndiyə qədər karyeramda heç vaxt belə çətinliklə üzləşməmişdim. Bir çox problemlərimiz oldu. Çoxları hansı problemləri nəzərdə tutduğumu bilirlər. Təvazökarlıqdan uzaq olmasın, amma Milinko Pantiç olmasaydı, bu gün "Bakı" turnir cədvəlində Sumqayıt və ya Rəvanın yerində qərarlaşardı. Bu müddətdə nələr yaşadığımı klub prezidenti Hafiz Məmmədov çox yaxşı bilir. Hamımız üçün çətin günlər oldu. Klubun qazandığı 54 xal mənə görə Çempionlar Liqasında qələbə qazanmağa bərabərdir. Siz yəqin, yaşadığımız çətin anları o qədər yaxşı bilmirsiniz. Klubda olan insanlar nəyi nəzərdə tutduğumu yaxşı başa düşər. Əksər oyunlarda yaxşı mübarizə apardıq, amma nəticə pis oldu. Bir neçə oyunda zəif çıxış etdik. Zəif yerlərimiz aşkar göründü. Hücumçuya ehtiyac var idi. Rauf Əliyev zədələndiyi üçün oynaya bilmədi. Belə halda, hücum qururduq, amma qol vura bilmirdik. Yanvarda üç əcnəbi futbolçunu kluba gətirmək istəyirdik. Onlarla daha yaxşı oynamalı idik. Müəyyən səbəblərdən transferlər alınmadı.

- Komandada futbolçuların davranış qaydalarında problem olduğunu deyilir, siz bununla razısınız?
-  Komandada intizamsızlıq olması ilə razı deyiləm. Bilirsiniz ki, intizam nizamnaməsi var. Hər bir futbolçuya həmin nizamnamə kitabı təqdim olunub. Mövsümün sonudur, ola bilər, yorğunluq var. Amma müxtəlif dillərə tərcümə olunan həmin nizamnaməyə əsasən, futbolçu cərimələnir. Mən peşəkar çalışıram. Futbolçuları gözəl tanıyıram. Bir qədər çətinlik var, amma intizamsızlıq yoxdur. Meydanda, məşqdə kimsə özünü pis aparsa, sonradan cərimələnir. Məşqdə məni söysələr belə, kobud cavab vermərəm. Hər şeyə görə nizamnaməyə əsasən, cərimə tətbiq olunur.

- Güclü dəyişikliyə ehtiyac varmı?
- Komandada təkamülə ehtiyac var. Siz təsəvvür etmirsiniz ki, necə dəyişikliklər olmalıdır. Hələ bir oyunumuz var. Ona görə indidən heç nə deməyəcəyəm. Heyətin əksər üzvlərinin müqaviləsi başa çatır. Onların çoxu komandada qalmayacaq. 

- "Qəbələ" ilə səfər matçında komandada nə baş vermişdi. Deyilənə görə, futbolçular meydana çıxmaqdan imtina edirdi...
- Mən bu işdə iştirak etməmişəm. Futbolçulara söyləmişdim ki, Hafiz Məmmədova qarşı xəyanət etmərəm. Futbolçular toplaşıb oyuna çıxıb-çıxmayacaqlarını müzakirə edirdi. Söylədim ki, klubun prezidenti var və ona qarşı çıxmaq olmaz. Digər tərəfdən, qərar qəbul etməyi özlərinə buraxdım. Həmin toplantıda bütün heyət iştirak edirdi. Əvvəlcə dedilər ki, biz Qəbələyə getmirik. Axşam artıq səfərə çıxacaqlarını dedilər. Bəzi məsələlər onlara fikirlərini dəyişməyə məcbur etdi.

- Futbolçular deyir ki, uzun müddətdir, məvacib almırlar. Ona görə belə addım atıblar...
- Maliyyə işləri barədə danışmağı sevmirəm. Amma il boyu müəyyən çətinliklər olub. Gecikmələr hər zaman olur. Hər bir komandada gecikmə və ya sıxıntı baş verə bilər. Hafiz Məmmədov heç bir insana bir qəpik olsun belə, borclu qalan deyil. Bu, hamıya məlumdur.

- Əgər komanda meydana çıxmasaydı, klub adına biabırçılıq olacaqdı...
- Mən buna yol verməzdim. Alternativ olaraq üç heyət qurmuşdum. Ən pis halda, mən əvəzedici heyətdəki futbolçular, Akademiyamızın yetirmələri ilə mübarizə aparacaqdım. Əsas heyət meydana çıxmasaydı belə, biz "Qəbələ"yə qarşı oynayacaqdıq. 

- Səfərdəki heyətə nəzərə yetirdikdə, meydana çıxmaq istəməyən futbolçuların kim olduğunu təxmin etmək olar...
- Adlar sizə məlumdursa, daha niyə soruşursunuz? Lazım olan məlumatları klub prezidenti bilir.

- İndiki vəziyyətdə komandanı düzəldə biləcəksinizmi? Bu hal yenidən təkrarlana bilərmi?
- Mənə ad və ya titul lazım deyil. Heç kimin adına görə qiymət verməmişəm. Kim komandaya ürəkdən bağlı deyilsə, o, gedəcək. 

- Necə ki Kamran Ağayevlə Mindauqas Kalonas "Bakı"dan ayrıldı. Onların komandadan ayrılma səbəbi hələ də məlum deyil...
- Kamranla indi də yaxşı münasibətimiz var. Ağayev yığmada ən yaxşılardandır. Sadəcə, soyunub-geyinmə otağında həddən çox səs-küy olurdu. O vaxt biz sakitliyi bərpa etdik. Görünür, yenidən sakitliyi bərpa etmək lazımdır. Komandada köklü dəyişikliklər olacaq. İslahatlar qaçılmazdır. Əgər nəticə qazanmaq istəyiriksə, qurban verməliyik. Yayda kimlərin komandada gedəcəyini öyrənəcəksiniz. Son matçda gəncləri izlədiniz. Namiq, Elton, Şəhriyar, Vüqar, Tural, Nicat, Elxan, Raul, Vaqif kimi, təmiz və perspektivli futbolçularımız var. "Bakı"ni yenidən quracağıq. Heç kimi məcburən saxlayası deyilik.

- "Bakı"nın bu vəziyyətə gəlməsində əsas səbəb nə oldu?
-  Elə böyük problem yoxdur. Maddi sıxıntı olarkən, bəzi problemlər təbiidir. Futbolçu bilmir oyunu düşünsün, yoxsa qazancını. Artıq təlim-məşq barədə düşünürəm. Komanda Avstriyaya yollanacaq. Orada güclü klublarla yoxlama görüşləri keçirəcəyik. Məqsəd yeni "Bakı"nı yaratmaqdır. Heyəti gəncləşdirməliyik. İki-üç əcnəbi futbolçu cəlb oluna bilər. Digərləri hamısı yerli futbolçu olacaq. Yeni mövsümdən legionerlərə limit azalır. Bəzi ideyalarım var. Yerli oyunçuların sayını çoxaldacağıq. Gələn aydan bəzi futbolçularla danışıqlara başlayırıq. Elə azərbaycanlı futbolçular var ki, klubla müqaviləsi davam edir. Lakin onlar orada xoşbəxt deyillər. Mənə məlumdur ki, bəzi futbolçularımız başqa klublarla danışıq aparır. Buna normal baxıram. Onlar yeni mövsümü düşünür. "Bakı"dan getmək istəyənlərə problem yaradılmayacaq. Sadəcə yığmanın oyunçuları var ki, klubla müqaviləsi başa çatmayıb. Onlar rəhbərliyin tələb etdiyi təzminatı ödəməli olacaq. Bu klubdan heç kim pulsuz çıxıb getməyəcək. 

- Sizin imtina etdiyiniz futbolçu özünə klub tapmasa, onun aqibəti necə olacaq?
- "Bakı"da qalacaqlar. Amma mənim qaydalarımla oynayacaqlar. 9 ay ərzində həmin qaydalar tətbiq olunub. Futbolçular qaydalarla tanışdır. Onların təşkil etdiyi son toplantı həmin qaydalara qarşı idi. Bu, son hədd idi. Bəziləri o qaydalarla barışmırdı. Mənim işimə təkcə həmin iclasa görə qiymətləndirmək olmaz. Futbolçuların mesajla məlumat ötürməsi və ya sosial şəbəkə yazışmağa nəzarət etmək mümkün deyil. Hər yerdə belədir. Bəzi futbolçular var ki, milliyə düşmək üçün bu klubda oynayır. Bəzilərini yalnız maddi amillər düşünür.

- Çempionatın nəticələri barədə danışaq. “Qarabağ”ın çempionluğu haqda nə deyə bilərsiniz?
- “Qarabağ” Azərbaycan çempionatı üçün çox yaxşı mövsüm keçirdi. Bütün oyunlarda gözəl oyun göstərdilər. Reynaldo komandanın liderinə çevrildi. Bir neçə transferlə güclənərək, Avropa meydanlarında daha uğurla çıxış edə bilərlər. Onlara uğurlar arzulayıram. Cari mövsüm bir sıra çətin oyunlarımız oldu. Mənim komandama daha çox "İnter"ə qarşı oynamaq çətin oldu. Onlarla görüşdə əzmkar mübarizə sərgiləyirdik, amma sonda qazanan onlar olurdu.

- Hansı futbolçunu "Bakı" klubunda öz sərəncamınızda görmək istərdiniz?
- Elə futbolçular var. Amma onların adını çəkmək düzgün olmazdı. Əgər təkid edirsinizsə, Rəşad Sadıqovu deyə bilərəm. Komandanın lideridir. Reynaldo, Araz Abdullayev elə futbolçulardandır.

- Yeni mövsümdə komandanın hədəfləri nə olacaq?
- Komanda hər zaman iddialı olub. Amma bizə ani uğur lazım deyil. "Atletiko" 6-7 il eyni məşqçi ilə çalışdı. Heç bir titul qazanmadı, amma öz yolunu getdi. Biz istəyirik ki, sabit komanda yaradaq. Elə komanda istəyirik ki, daim uğurlu çıxış etsin. 

- "Bakı" klubunun əməkdaşlıq etdiyi "Atletiko" mövsümü iki titulla başa vura bilər. Sizcə, İspaniya çempionluğu yoxsa Çempionlar Liqasını qazanmaq realdır?
- Çox çətin olacaq. “Barselona” güclü komandadır. Öz meydanında onları məğlub etmək çətindir. Həm La Liqada, həm Çempionlar Liqasında şansları yüksəkdir. Proqnoz vermək çətindir. Çempionlar Liqasının finalında mübarizə aparmaq, artıq böyük uğurdur. Hafiz Məmmədovun sayəsində bu gün "Atletiko" futbolçuları meydana üzərində “Azerbaijan. Land of Fire” şüarı ilə çıxırlar. Bütün dünya futbolçuların yaxasındakı yazını görür. “Çelsi” ilə yarımfinal matçını 300 milyon insan izləyib. Bu, çox böyük təbliğatdır. Azərbaycan futbolunun inkişafı üçün "Bakı" klubunun prezidenti çox böyük işlər görür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.