15 may 2014 12:33
Bakı AÇ-2020-nin oyunlarını qəbul edəcək
Britaniya KİV-i UEFA tərəfindən hansı şəhərlərin AÇ-2020-nin oyunlarına ev sahibliyi etmək məqsədilə seçiləcəyi haqda öz fikrini açıqlayıb. Azerisport.az xəbər verir ki, AÇ-nin yubiley turniri Avropanın 13 şəhərində baş tutacaq.
Həmkarlarımızın fikrincə, yarımfinallar və final çox güman ki, Londona həvalə olunacaq. İngiltərə paytaxtı iki dəfə böyük beynəlxalq yarışların finalını qəbul edib: 1966-cı ildə DÇ-nin, 1996-cı ildə AÇ-nin.
Britaniya KİV-i qrup mərhələsi və pley-off oyunlarının Bakı, Brüssel, Kopenhagen, Münhen, Budapeşt, Yerusəlim, Roma, Bilbao, Kardiff, Amsterdam, Sofiya və Stokholma həvalə olunacağını bildiriblər.
Bu şəhərlərin hər birinin neçə oyunu qəbul edəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, paytaxtımız yeni Olimpiya stadionunda qrup mərhələsinin oyunlarını keçirməyə ümid edir.
