15 may 2014 16:00
Dənizli Vaqif Cavadovu hədəfləyib
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli klub rəhbərliyinə növbəti mövsümdə komandasında görmək istədiyi futbolçuların siyahısını təqdim edib. Azerisport.az xəbər verir ki, Dənizlinin siyahısında ilk ad “İnter”in hücumçusu Vaqif Cavadovun adıdır.
Türkiyəli mütəxəssis ötən tur keçirilmiş “İnter” - “Qəbələ” oyununa nahaqdan yollanmayıb. O, bu məqsədlə, hətta komandasını Zaqatala səfərində də müşayiət etməyib.
Cavadovun klubu ilə müqaviləsinin bu mövsümün sonunda başa çatacağını və komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə münasibətlərinin elə də ürəkaçan olmadığını nəzərə alsaq, bu halda, futbolçunun “gəmiqayıranlar”ın düşərgəsində peyda olacağı vaxt məsələsidir. Həmçinin, “Xəzər Lənkəran” millimizin futbolçusuna daha yaxşı şərtlər təklif edəcək.
