Avropa Liqasını Sevilya qazandı
Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin finalında İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" komandaları qarşılaşıblar.
İtaliyanın Turin şəhərindəki "Yuventus Stadium"da keçirilən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Belədə, almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyunda qalibi müəyyənləşdirmək üçün əlavə yarım saata ehtiyac duyulub. Lakin əlavə vaxtda da qapılara vurulmadığından, Avroliqanın yeni qalibini penaltilər müəyyənləşdirib. Bu zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, "Sevilya" tarixi ərzində bundan öncə iki dəfə Avropa Liqasında final oynamışdı və onların hər ikisindən qalib ayrılmışdı. Belə ki, İspaniya təmsilçisi 2006 və 2007-ci illərdə Avroliqanın baş mükafatına sahib çıxmışdı. "Benfika" isə əksinə, 1982/83 və 2012/13 mövsümlərində Avroliqanın finalına çıxsa da, hər ikisində məğlub olmuşdu. Bir sözlə, "Benfika"nın uğursuz sindromu fonunda "Sevilya" tarixində üçüncü Avroliqa finalında da qələbəyə sevinən tərəf olub.
Avropa Liqası
Final
14 may
Sevilya - Benfika - 0:0 (penaltilərlə - 4:2)
