15 may 2014 14:00
Dənizli: Görək, XL rəhbərliyi istəyimi nə dərəcədə təmin edəcək
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli şəxsi təşəbbüsü ilə təşkil etdiyi mətbuat konfransında jurnalistlərlə görüş keçirib. Azerisport.az təcrübəli mütəxəssisin fikrilərini diqqətinizə çatdırır:
“Türkiyənin Soma şəhərində baş vermiş faciə ilə əlaqədar, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi sizdən xahiş edirəm”, deyə Dənizli tədbirə başlayıb (Türkiyənin Soma şəhərində mədən quyusunun partlaması nəticəsində 300-ə qədər insan qalıqlar altında qalaraq, həlak olub - red.)
“Adətən mən mətbuat konfranslarını mövsümün sonunda keçirirəm ki, mövsümün yekunlarına nəzər salım və planlarım haqda danışım. Mən bura mövsümün ortalarında gəlmişəm. Biz o zaman birinci yerdən uzaq idik. Oyun ərzində orta hesabla, bir xal qazanırdıq. Mənim qarşımda Kubokda uğur qazanmaq tapşırığı qoyuldu. Təəssüf ki, “Qəbələ”yə qarşı yarımfinal oyunlarında hər şey planlaşdırdığımız kimi getmədi. Biz ən yaxşı vəziyyətdə deyildik”, deyə Dənizli mövzuya giriş verib.
“Etiraf edim ki, biz tapşırıqların öhdəsindən gələ bilmədik. Ancaq biz yerli çempionatı yaxşı öyrəndik. Növbəti mövsümdən öz oyunçularımız çox olmalıdır ki, biz bütün bunları nəzərə alırıq. Əcnəbilər bizə, böyük ehtimalla, gərək deyil. Ən çoxu biri. Özümüzünküləri dəvət edəcəyik. Mövsümqabağı hazırlıq proqramı hələlik tərtib edilməyib. Belə ki, növbəti mövsümün nə vaxt başlayacağını bilmirik”, deyə Dənizli bildirib.
“Xəzər Lənkəran”ın düşdüyü vəziyyət mənim özümə də xoş gəlmir. Mən həmişə liderlər qrupunda olmaq istəmişəm. Ancaq biz təslim olmamalıyıq. Buna rəğmən, mən bu barədə çox mütəssirəm”, deyə təcrübəli mütəxəssis qeyd edib.
Dənizli bildirib ki, ölkəmizdə asan futbol həyatı gözləmirdi: “Əgər mən komandanı mövsümün əvvəlində qəbul etsəydim, indi nə isə haqda danışmaq olardı. Qeyd etdiyim kimi, biz lideerlər qrupundan çox geri qalırdıq. Ən uzağı üçlüyə düşmək olardı”, deyə türk mütəxəssis hesab edir.
Dənizli etiraf edib ki, komanda azarkeşlərin etimadını itirib: “Boş tribunalar? Belə nəticələrlə bu, normaldır. Ancaq yaxşı nəticələr azarkeşləri tribunalara qaytara bilər”, deyə o, bildirib.
Dənizli PL-in 35-ci turu çərçivəsində “Simurq”a qarşı keçirdiyi oyunda iştirak etməməsinin səbəbini də açıqlayıb: “Mən özümü pis hiss edirdim və belə bir səfəri özümə rəva görə bilməzdim. Mən “İnter” - “Qəbələ” oyununda idim. Ala biləcəyimiz futbolçulara baxırdım. Ümumilikdə, dörd-beş nəfər”, deyə Dənizli vurğulayıb.
“Bəlkə səngərə rəhbərliyi öz köməkçiniz Oğuz Çətinə verəsiniz?” - zaldan sualı və “Sizsiz o, dörd oyunda məğlubiyyət görməyib” - açıqlaması səslənib. Türk mütəxəssis cavabında gülərək: “Oğuzla aramızı vurmayın”, deyə nəzakətlə bildirib və əlavə edib: “Yaxşısı budur ki, ondan necə məğlub olmamağa müyəssər olmasını soruşun. Elə məqamlar var ki, oyunçularla yumşaq davranmaq gərəkdir. Oğuz bu məqamları yaxşı hiss edir və əgər uğur ancaq yumşaqlıqdan ibarət olsaydı, mən həmişə elə olardım”.
“Son dəfə rəhbərliklə nə vaxt görüşmüşəm? Ötən həftə. Gələcək barədə danışdıq. Onlara siyahı təqdim etdim. Görək, onlar bunu nə dərəcədə yerinə yetirə biləcəklər. Buna rəğmən, istəklərim yerinə yetirilməsə belə, bu, o demək deyil ki, tərəflər ayrılmalıdırlar. Siyahıda göstərilmiş yerli futbolçuların sıralarımıza keçmək istəyini bilmək lazımdır. Yeri gəlmişkən, buna alternativ də var”, deyə Dənizli qeyd edib.
