Rəşad Sadıqov: Bəlkə də bu çempionluğa hamıdan çox mən sevinirəm
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyundan (4:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Artıq "Qarabağ"ı təbrik etmək olar?
- Artıq olar. Bizi təbrik edənlərin hamısına təşəkkürümü bildirirəm. 13 xallıq fərq yaranandan sonra elə görünürdü ki, biz asanlıqla çempion olacağıq. Amma gördüyünüz kimi, həmin fərq altıya enmişdi.
- Amma hər şey sonda sizin üçün yaxşı bitdi...
- Həqiqətən də yaxşı final alındı. Biz layiqli çempionluq qazandıq.
- Oyun barədə nə deyə bilərsiz?
- Gərgin oyun keçdi. Birinci hissədə həyacan öz sözünü deyirdi. Buna baxmayaraq, qol vurduq. İkinci hissədə oyunumuz daha yaxşı getdi və qolların davamı gəldi. Amma hesab 2:1 olarkən bir qədər gərginlik yarandı. Üçüncü qol isə demək olar ki, hər şeyə aydınlıq gətirdi. Fikrimcə, gözəl qələbə alındı.
- Hətta hesab 2:1 olarkən də çoxlu qol epizodlarınız oldu...
- Rəqibimiz son dövrlərdə çox yaxşı oyun sərgiləyirdi. Mən daha çox bundan ehtiyatlanırdım.
- Oyundan sonra hətta Qurban Qurbanov da emosiyalarını gizlədə bilməyib ağladı...
- Mən də çox sevinirəm, amma içimdə. Bəlkə də mən bu çempionluğa görə hamıdan çox sevinirəm. Artıq bizə Çempionlar Liqasında uğurlu çıxış etmək və bizə olan ümidləri doğrultmaq qalır.
