Bakıda qalmaqal: Legioner futbolçular Qəbələyə getməkdən imtina etdilər
"Bakı" futbol klubunun futbolçuları bu gün keçiriləcək "Qəbələ" ilə görüşdə iştirak etməkdən imtina edib. Azerisport.az xəbər verir ki, ötən gün əsas heyətin futbolçuları baş məşqçi Milinko Pantiçlə birgə rəhbərliklə görüşməyə çalışıb.
Nəticədə klubdaxili iclas baş tutub. Əvvəlcə legionerlər, sonra isə yerli futbolçular məvaciblərin verilməyəcəyi təqdirdə "Qəbələ" ilə oyuna çıxmayacağını bildirib. Klubun vitse-prezidenti Yaşar Seyidov prezident Hafiz Məmmədovun Bakıda qayıdan kimi problemlərin həll olunacağını, pulların futbolçulara çatacağını söyləyib. Legioner oyunçular Qəbələyə getməmək və məşqə çıxmamaq barədə qərar qəbul edib. Baş məşqçi Milinko Pantiç də məsələyə müdaxilə edə bilməyib.
Gecə saatlarında "Bakı"nın yerli futbolçuları fikrini dəyişib. Onlar legionerlərsiz olsa belə "Qəbələ" ilə görüşdə iştirak edəcəklərini bilbiriblər. Qeyd edək ki, "Bakı"nın əvəzedici heyəti paytaxta qayıtmayıb. Onlara Qəbələdə qalmaq tapşırılıb. Əgər heyətlə bağlı problem yaranarsa, əvəzedici heyətdən bir neçə futbolçunun köməyindən istifadə olunacaq. "Bakı"nın bu gün Qəbələyə yola düşəcəyi deyilir. Adətən 2 gün əvvəl səfərə çıxan zolaqlılar bu dəfə oyun günü Qəbələyə çatacaq.
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov azerisport.az-a açıqlamasında ötən gün futbolçularla iclas keçirildiyini təsdiqləyib. Bununla belə komandanın bu gün səfərə çıxacağını və "Qəbələ" ilə görüşdə iştirak edəcəyini bildirib. Onun sözlərinə görə bütün problemlər klub prezidenti Hafiz Məmmədov ölkəyə qayıdandan sonra həll olunacaq.
Rəhbərliyə qarşı belə addımın atılması "Bakı"nı bərk əsəbləşdirib. İstisna deyil ki, mövsümün sonunda rəhbərliyə qarşı çıxan yerli və əcnəbi futbolçular komandadan kənarlaşdırılacaq. Onlara olan borclar ödəniləcək və müqavilələrə xitam veriləcək.
