Syomin: Bu cür heyət dəyişikliyi ilə ilk ildə çempion olan komanda tanımıram
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Fikrimcə, ilk hissədə çox yaxşı oynadıq, iki top fərqi ilə irəli çıxdıq. İkinci hissədə isə futbolçular niyəsə hesabı qorumağa çalışırdılar. Buna görə keyfiyyətli oyun göstərə bilmədi. Bütün deyilənlərə baxmayaraq, komanda qarşısına qoyulan məqsədə çatdı, Avropa Liqasına vəsiqə qazandı. Qarşıda daha iki oyunumuz var. Kubokun finalına da hazırlaşacağıq. Futbolçuları və klub rəhbərliyini bu uğurla təbrik edirəm. Möcüzə olmur. Birdən-birə yaxşı nəticə qazanmaq olmur. Müəyyən səhvlər olurdu, ona görə alınmırdı. Zirvədə olan komandalar mövsüm boyu daha yaxşı oynayırdı, heyətləri daha stabil idi. Ötən illə müqayisədə 10 yeni futbolçumuz var. Bu cür heyət dəyişikliyi ilə ilk ildə çempion olan komanda tanımıram”.
