5 may 2014 16:33
Dmitri Nazarovun millimizdə ikinci cəhdi
Almaniyanın “Karlsrue” komandasının hücumçusu Dmitri Nazarov karyerası ərzində ikinci dəfə millimizin heyətinə dəvət alıb. Azerisport.az xəbər verir ki, Nəzərov mayın 28-də San-Fransiskoda ABŞ yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak edə bilər.
Qazaxıstanın Krasnoarmeysk şəhərindən olan 24 yaşlı futbolçunun yığmada debütü ötən ilin payızında DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya yığmalarına qarşı oyunların birinə nəzərdə tutulsa da, futbolçunun sözlərinə görə, ona Azərbaycan pasportunu vaxtında hazırlaya bilməyiblər.
İndi onun sənədləri ilə hər şey qaydasındadır və futbolçu millidə çıxış edə bilər.
Bu mövsüm Nazarovun işləri pis getmir. O, Almaniyanın İkinci Bundesliqasında mübarizə aparan “Karlsrue”yə tez uyğunlaşıb və 33 oyunda 10-u əsas heyətdə olmaqla, 25 dəfə meydana çıxıb. Futbolçu bu oyunlarda 6 qol vurub və 2 qol ötürməsi verib. Həmçinin, üç sarı və bir qırmızı vərəqə də alıb.
Maraqlıdır ki, Nazarovun komandası çempionatın son oyununda digər futbolçumuz, Foqts tərəfindən ABŞ toplanışına dəvət almayan Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sına qarşılaşıb. Bu oyunda Nazarov 61-ci dəqiqdə meydana çıxıb və yeddi dəqiqə sonra komandası hesabı bərabərləşdirib (2:2).
Nazarov bu mövsümdə “Karlsrue”nin üçüncü bombardiridir. Vurduğu 6 qolla o, Ruven Henninqs (10 qol) və Ken van der Blezendən (8 qol) geri qalır. Nazarov “Sandhauzen” (1:1), “Aalen” (1:1), Drezden “Dinamo”su (3:0), “Kayzerslauten” (2:2) komandalarına qarşı oyunlarda fərqlənib və “Paderborn”la oyunda (4:0) dubla imza atıb. Son dəfə Nazarov martın 29-da qol vurub.
“Karlsrue”yə gəlincə, bu mövsümün yekunlarına əsasən, komanda Bundesliqaya vəsiqə qazana bilməyəcək. Komanda sona 10 tur qalmış liderlər üçlüyünü qapasa da, hazırda, sona bir tur qalmış “Karlsrue” 5-ci pillədə qərarlaşıb və üçüncü pillədə yer almış “Qroyter Furt”dan yeddi xal geri qalır.
Nazarovun “Karlsrue”nin heyətində yoldaşlıq görüşündə (2:1) İspaniyanın “Valensiya” komandasına vurduğu qolu diqqətinizə çatdırırıq:
