4 may 2014 12:00
Elxan Məmmədov: Çempionlar liqasının qrup mərhələsinə düşmək, bizim üçün tamamilə realdır
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunun inkişafı, AÇ-2020-nin oyunlarının Bakıda keçirilməsinin mümkünlüyü, həmçinin, 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa oyunları haqda danışıb. Azerisport.az Elxan Məmmədovun fikirlərini diqqətinizə çatdırır:
“Futbol ölkəmizə vacibdir və dövlət səviyyəsində, şəxsən prezident tərəfindən dəstəklənir. İlham Əliyev 2005-2015-ci illərdə Azərbaycan futbolunun inkişafı haqda fərman imzalayıb. Bu fərman infrastrukturun, yeniyetmə və qadın futbolunun inkişafını əhatə edir”, deyə baş katib “Associated Press” agentliyinə müsahibəsində bildirib.
Bakının AÇ-2020-nin oyunlarını keçirməyə namizəd qismində irəli sürülməsi haqda danışarkən, Məmmədov qeyd edib: “Biz hesab edirik ki, bu, hazırda bizim üçün ən böyük nailiyyətdir”.
Baş katib 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarına da toxunub: “Biz tədricən Avropanın idman mərkəzi ola bilərik. Avropa oyunlarının keçirilməsi Avropanın bizə etibar etməyini göstərir”.
Futbol mövzusuna qayıdan Məmmədov yaxınlarda Bakının “Neftçi” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxmasını nikbinliklə xatırlayıb: Düşünürəm ki, Çempionlar liqasının qrup mərhələsinə düşmək, bizim üçün tamamilə realdır”, deyə baş katib fikrilərini tamamlayıb.
