Çempionluğun taleyi autsayderin əlində
Bu gün Topaz Premyer Liqasında 33-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.
Günə paytaxtda keçirilən bir qarşılaşma ilə start veriləcək. "Bakı" doğma meydanda turnir cədvəlinin hazırkı lideri "Qarabağ"ı qonaq edəcək. Çempionluqdan əlini üzmüş "ağ-göylər" doğma azarkeşlər qarşısında məğlub olmamağa çalışacaq. "Bakı"nın cari mövsümdə əldə edəcəyi tək uğur avrokuboklara getmək olar ki, bu da çox çətin görünür. Milinko Pantiçin yetirmələrinin son turlardakı uğursuz çıxışı onların "Qarabağ" qarşısında favorit olmadığını göstərir. Qurban Qurbanovun komandası isə qələbə qazansa, çempionluğunu rəsmiləşdirə bilər. Belə ki, "köhlən atlar" qələbə qazansa və "İnter" xal itirsə, Ağdam klubu bu turda çempionluğu rəsmiləşdirəcək. Əks təqdirdə hər şey növbəti turda öz həllini tapacaq.
Növbəti qarşılaşma "Bakcell Arena"da baş tutacaq. Cari mövsümdə uğursuz çıxış edən "Neftçi" kubokun finalında rəqibi olacaq "Qəbələ"ni sınağa çəkəcək. Heç bir komandanın çempionluq şansı olmasa da, hər iki komanda avrokubok üçün çalışır. Paytaxt klubu demək olar ki, artıq avrokuboklara vəsiqə qazanıb. Lakin əyalət təmsilçisinin "Bakı" ilə 1 xallıq fərqinin olması hər şeyin bitmədiyini göstərir. "Qəbələ" ilə oyunlarda böyük üstünlüyə malik "Neftçi" cari mövsümün hər 3 matçında qalib gəlib. Bakılılar son 5 qarşılaşmada uduzmayıb və bu görüşlərdə 4 qələbə əldə edib.
Bu görüşlə eyni vaxtda paytaxtda digər bir qarşılaşma da start götürəcək. "Şəfa" stadionunda "İnter" "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək. "Qarabağ"la 8 xal fərqi olan "bankirlər" məsafəni qısaltmaq üçün mütləq qələbəyə çalışacaq. Artıq Kaxaber Sxadadze avrokuboklara vəsiqəni təmin edib. "Sumqayıt" isə sonuncu pilləyə qayıtmamaq üçün çalışır. Artıq 5 turdu ki, məğlub olmayan Aqil Məmmədovun yetirmələri bu gedişlə qonşusu AZAL-a da çata bilər. Paytaxt təmsilçisi sumqayıtlılarla əvvəlki qarşılaşmalarda aşkar üstünlüyə malikdi. Heç vaxt rəqibinə uduzmayan “İnter” əvvəlki 7 oyunda qol da buraxmayıb. Bakılılar öz meydanındakı bütün qarşılaşmalarda qalib gəlib.
Daha sonra keçiriləcək 2 görüş isə bölgədə baş tutacaq. Premyer Liqada heç bir iddiası olmayan, kubokda "Qəbələ" səddini aşa bilməyən "Xəzər Lənkəran" sonuncu pillədə qərarlaşan "Rəvan"la gücünü sınayacaq. 10-cu – yubiley oyunu ərəfəsində paytaxt təmsilçisi qələbə, cənublular isə top fərqində öndədi. Lakin son 4 qarşılaşmanı qolsuz tərk etməyən lənkəranlılar evdəki bütün matçlarda rəqib qapısına yol tapıb.
Daha bir görüş isə Zaqatalada keçiriləcək. "Simurq" doğma azarkeşlər önündə AZAL-la üz-üzə gələcək. Bu görüşü də iddiasızların qarşılaşması adlandırmaq olar. Əvvəlki 21 oyunun nəticələrində bakılılar üstün olsa da, son 6 matçda qələbə qazana bilməyiblər. Zaqatala təmsilçisi isə son 2 dueldə qol buraxmadan qalib gəlib.
Topaz Premyer Liqası
33-cü tur
2 may (cümə)
15:00. Bakı - Qarabağ
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
“Bakı”nın təlim-məşq bazasının stadionu.
17:00. Neftçi - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bakcell Arena”.
17:00. İnter - Sumqayıt
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
Bakı. “Şəfa” stadionu.
18:00. Simurq - AZAL
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala şəhər stadionu.
18:00. Xəzər Lənkəran - Rəvan
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
| 1 | FK Karabakh | 32 | 20 | 8 | 4 | 61 | 17 | +44 | 68 |
| 2 | Inter Baku | 32 | 18 | 6 | 8 | 54 | 32 | +22 | 60 |
| 3 | FK Neftchi | 32 | 16 | 7 | 9 | 45 | 39 | +6 | 55 |
| 4 | FK Qabala | 32 | 15 | 6 | 11 | 40 | 33 | +7 | 51 |
| 5 | FK Baku | 32 | 14 | 8 | 10 | 48 | 38 | +10 | 50 |
| 6 | Simurq | 32 | 11 | 10 | 11 | 33 | 25 | +8 | 43 |
| 7 | Khazar Lenkoran | 32 | 9 | 12 | 11 | 32 | 45 | –13 | 39 |
| 8 | AZAL PFC Baku | 32 | 6 | 11 | 15 | 28 | 45 | –17 | 29 |
| 9 | Sumqayit | 32 | 4 | 10 | 18 | 24 | 52 | –28 | 22 |
| 10 | Ravan Baku | 32 | 3 | 10 | 19 | 18 | 57 | –39 | 19 |
Bombardirlər:
19 - Reynaldo (Qarabağ)
13 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
10 - Draqan Çeran (Simurq)
9 - Baçana Sxadadze (İnter), Etame Mbilla (Xəzər L), Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).
