1 may 2014 11:28
Qəbələ Neftçi ilə oyuna Bakıda hazırlaşır
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Qəbələ" matçın hazırlıqlarını paytaxtda davam etdirir. Azerisport.az xəbər verir ki, ötən turdan ("Qəbələ" - "Simurq" 1:0) sonra doğma məkanda bərpa məşqi keçən, ardından isə paytaxta yollanan "qırmızı-qaralar" dünən "Bakı" Futbol Klubunun təlim-məşq bazasında meydana çıxıb.
Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Koşta Silva qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib.
"Qəbələ" matç öncəsi son məşqini bu gün qarşılaşmanın baş tutacağı "Bakcell Arena"da 17:00-da keçirəcək.
Xatırladaq ki, "Neftçi" - "Qəbələ" görüşü sabah - mayın 2-i 17:00-da start götürəcək. Oyun İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
