1 may 2014 19:00
Berti Foqts: Müasir futbolçular bizim dövrlə müqayisədə daha peşıkardırlar
Aprelin 28-dən mayın 1-dək Bakı şəhərində UEFA-nın təşkil etdiyi fiziki hazırlıq üzrə seminar barədə uefa.org saytında yazı dərc olunub. Azerisport.az AFFA-ya istinadən yazının tərcüməsini diqqətinizə çatdırır:
Bakıda keçirilən seminarda belə bir fikir səsləndi ki, fiziki və texniki hazırlıq bir-biri ilə bağlı olmalıdır, çünki futbol digər idman növlərindən fərqlənir.
Bazar ertəsi Bakıda üçüncü "Futbolda fiziki hazırlıq" pilot seminarı başlayıb. UEFA-nın üzvü olan 17 milli assosiasiyanın nümayəndələri bir sıra təqdimatları izləmək və fiziki hazırlıq üzrə məşqlərin futbolun spesifikasına necə uyğunlaşdırılmasını müzakirə etmək üçün Azərbaycanın paytaxtında toplaşıblar.
Bu qəbildən olan ilk iki pilot seminarlar 2013-cü ilin mart ayında Osloda, avqustda isə İstanbulda təşkil olunub. UEFA-nın futbol təhsili xidmətinin rəhbəri Frank Ludolf giriş nitqində Bakıdakı seminarın iki əsas məqsədini vurğulayıb: Birincisi, məşqçilərin təlimatçıları, fiziki hazırlıq üzrə mütəxəssislər, məqşçilər və analitiklər arasında dialoqun stimullaşdırılması, ikincisi isə, seminar iştirakçılarına futbolla bağlı spesifik, aydın, dəqiq ideyanın verilməsi.
Bazar ertəsi seminarın proqramında əsas yer tutan Andreas Morisbak və Siqmund Apold-Osenin təqdimatları olub. UEFA-nın texniki təlimatçısı, Norveç Futbol Assosiasiyasının metodiki-tədris işləri üzrə baş məsləhətçisi Morisbak UEFA-nın fəlsəfəsi və spesifika prinsipləri mövzularına toxunub. O, bildirib ki, UEFA tədrisin və məşqlərin təməl prinsiplərinə fəaliyyətin əsas istiqaməti kimi diqqət yetirir, həmçinin məşqçilərə öz mühitlərinə uyğun məşq metodikasından istifadə etməklə bu prinsiplərə müvafiq şəkildə işləməyi öyrədir.
Spesifika prinsipi fiziki hazırlıq və futbol texnikasının inkişafının qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən çox vacibdir. Fiziki hazırlıq nə qədər yaxşıdırsa, futbol vərdişlərinə yiyələnmək bir o qədər effektli olur. Bundan başqa, fiziki hazırlığın yüksək olması zədələnmə riskini də azaldır. Oyunçunun uzunmüddətli düzgün inkişafı futbol bacarıqlarının yaxşılaşmasına, eləcə də fiziki hazırlığının yüksəlməsinə imkan verir.
"Bizim qarşımızda yüksək səviyyəli atletlər yox, yüksək səviyyəli futbolçular hazırlamaq vəzifəsi durur", - deyə, Norveç Futbol Ustalığı Mərkəzinin fiziologiya şöbəsinin rəhbəri Apold-Osen bildirib. O, həmçinin stabil yüksək məhsuldarlıq konsepsiyası və futbolçuların yetişdirilməsində mühüm əhəmiyyət kəsb edən komanda işinin qurulması, fiziki hazırlığın texnika məqşləri ilə uyğunlaşdırılmasının öyrənilməsi barədə danışıb.
O, Norveç neft sənayesini nümunə göstərərək deyib: "Yüksək məhsuldarlığın əldə olunması üçün ümumi məqsədin, çətiniklərin və arzu olunan nəticənin başa düşülməsi vacibdir". İştirakçılara tövsiyə verilib: "İnkişafa nail olmaq üçün hər şeydən əvvəl dəqiq müəyyənləşdirilmiş məqsəd olmalıdır".
Bu, eyni xarakterli üçüncü seminar olduğu üçün UEFA-nın üzvü olan milli assosiasiyaları təmsil edən bütün məqşçi və təlimatçılar futbola aid fiziki hazırlığın balanslaşdırılmış məşğələlərinin böyük əhəmiyyətini və bunun məşqçilərin tədris prosesinə daha yaxşı necə inteqrasiya oluna biləcəyini mənimsəyiblər. UEFA-nın "Jira" layihəsinin İşçi Qrupu bütün Avropa futbolunda fiziki hazırlığın mövcud durumu barədə daha dolğun nəticə çıxara bilsin deyə, seminar iştirakçılarını məlumat mübadiləsi məsələsində fəal olmağa səsləyiblər.
UEFA-nın fiziki hazırlıq üzrə İşçi Qrupunun üzvü və İsveç milli komandasının meneceri Paul Balsom "Futbolda fiziki hazırlıq" mövzusunda sorğu keçirmək üçün seminarda iştirak edən milli assosiasiyaların hər bir nümayəndəsindən məlumat toplayıb və bundan sonra Apold-Osenlə birgə sessiya keçirib. İştirakçılar burada öz ölkələrinin milli komandalarının proqramında xüsusu fiziki hazırlığa nə dərəcədə önəm verilməsi barədə danışıblar.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov bu sahədə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb:"Seminar burada təmsil olunan hər bir assosiasiya üçün səmərəli oldu və mənimsənilmiş biliklərin paylaşılmasında vəsiləyə çevrildi".
Seminarın gedişində bəlli olub ki, bəzi assosiasiyalar əcnəbi mütəxəssislərin xidmətində maraqlı olsalar da, paralel şəkildə yerli kadrların da yetişməsinə çalışırlar. Belə ölkələrin yüksək divizion klublarının yalnız bir neçəsində fiziki hazırlıq üzrə məşqçilər var. Daha qlobal problem isə uşaqların fiziki aktivliyinin çatışmazlığıdır ki, burada da futbol mühüm rol oynaya bilər.
Andorra, Belarus, Belçika, Cəbəllütariq, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Moldova, Rusiya, San Marino, Ukrayna, Farer adaları və Estoniyanın nümayəndələri fiziki hazırlıq sahəsində tədrislə bağlı "Fəlsəfə və suallar" adlı xüsusi sənəd əldə ediblər. Sənədin əsas müddəaları assosiasiyalar tərəfindən təfsilatı ilə təhlil olunmalıdır. Yaxın günlərdə seminar iştirakçıları fiziki hazırlıq üzrə tələbləri, gənc və yuxarı yaşlı futbolçularda zədələrin profilaktikasını öyrənəcək, o cümlədən oyunçuların uzunmüddətli inkişaf prosesini müzakirə edəcəklər.
Bazar ertəsi üçün proqramın son bəndi Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun çıxışı olub. O, səhnədə Frank Ludolfla birgə danışıb. Münxenqladbax "Borussiya"sındakı futbolçu karyerası ilə paralellər aparan 67 yaşlı almaniyalı mütəxəssis vurğulayıb ki, "futbol məqşləri tamamilə yüngül atletikadan fərqlənməli və fiziki hazırlıq futbola uyğun şəkildə qurulmalıdır".
Foqts həmçinin deyib ki, ötən əsrin 70-ci illərində fiziki hazırlıq üzrə yeniliklərin tətbiq olunması sayəsində "Borussiya" özünün inkişaf dövrünü yaşayaraq "müxtəlif sahələrdə "Bavariya"dan bir addım öndə olmağı bacarıb. Bu gün peşəkar klubların və milli komandaların heyətinə mütləq həkimlər, fizioterapevtlər, məşqçi köməkçiləri, fiziki və psixoloji hazırlıq üzrə mütəxəssislər daxil olunmalıdır. Müasir futbolçular bizim dövrlə müqayisədə daha peşıkardırlar", - deyə, AFR yığmasının heyətində dünya çempionu olmuş və Almaniya millisini baş məşqçi kimi Avro-1996-nın qalibi etmış Foqts bildirib. Çıxışının sonunda o, deyib: "Hesab edirəm ki, hər bir peşəkar komandada yüksək ixtisaslı fiziki hazırlıq üzrə məşqçi çalışmalıdır, çünki futbolçunun orqanizmi digər peşə sahibləri ilə müqayisədə fərqlidir".
